23 APREL – DÜNYA KİTAB VƏ MÜƏLLİFLİK HÜQUQU GÜNÜDÜR

Aprelin 23-ü Dünya Kitab və Müəlliflik Hüququ Günüdür. Bu barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş Konfransında qəbul edilib. 1996-cı ildən etibarən isə kitaba və müəlliflərə hörmət əlaməti olaraq bu əlamətdar gün bütün dünyada qeyd olunur.

Hər il aprelin 23-də keçirilən müvafiq tədbirlərdə kitabların geniş əhatə dairəsi – keçmiş və gələcək, nəsillər və mədəniyyətlər arasında körpü olduğu ictimaiyyətin diqqətinə bir daha çatdırılır.

UNESCO-nun baş direktoru Odre Azule Dünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə ictimaiyyətə müraciət edib. Müraciətdə qeyd olunur ki, kitablar insanlara fikir mübadiləsi aparmağa, məlumat almağa və müxtəlif xalqların mədəniyyətlərinin zənginliyini ötürməyə kömək edir, onları ayıran məkan və zamandan asılı olmayaraq insanlar arasında geniş dialoq üçün imkanlar açır. Kitabların şəxsi inkişafı təşviq etmək və stimullaşdırmaq üçün danılmaz potensialı var.

2022-ci ilin Dünya Kitab Paytaxtı Meksikanın Qvadalaxara şəhəridir.

Dünya Kitab və Müəlliflik Hüququ Günündə UNESCO öz tərəfdaşlarını kitabların müasir çağırışları həll etmək, siyasi və iqtisadi reallıqları anlamaq, bərabərsizliklər və dezinformasiya ilə mübarizə aparmaq üçün bir qüvvə olduğu mesajını paylaşmağa çağırır.

Hər il aprelin 23-də – Uilyam Şekspirin, Migel Servantesin, İnka Qarsilaso de la Veqanın vəfatının ildönümü günündə əsərləri yüzilliklər ərzində insanları məftun edən müəlliflər xatırlanır. Bu gün, həmçinin fəaliyyəti kitablarla bağlı olan, ədəbi irsin populyarlaşmasına, yeni ideyalarla tanışlığa, əsərlərin yayılmasına kömək edən peşə sahibləri, o cümlədən redaktorlar, tərcüməçilər, naşirlər və kitab satanların əməyi hörmətlə qeyd olunur.

Azərbaycanda Dünya Kitab və Müəlliflik Hüququ Günü 1997-ci ildən qeyd edilir.