Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə reallaşacaq “Könüllü təşəbbüslər” müsabiqəsinə layihə təkliflərinin qəbuluna başlanılır.
İttifaqdan bildiriblər ki, müsabiqə regionlarda könüllülük fəaliyyətinin inkişafı, könüllülərin ideyalarının dəstəklənməsi, könüllülər arasında sosial məsuliyyətin artırılması məqsədi ilə həyata keçirilir.
Azərbaycan könüllüsü olan 16-29 yaş aralığında fiziki şəxslər beş istiqamət (sosial, ekoloji, vətənpərvərlik, icma təşəbbüsləri və heyvanlara qayğı istiqamətləri) üzrə layihələrini təqdim edərək müsabiqədə iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən Azərbaycan könüllüləri https://teshebbus.konullu.az/ səhifəsinə daxil olaraq məlumatları göndərməklə müsabiqəyə qatıla bilərlər.
Müsabiqədə iştirak üçün layihə təklifləri may 1-dək təqdim edilməlidir.
Müsabiqə çərçivəsində seçilən layihələrdə region könüllülərinin həmrəylik nümayiş etdirərək birgə fəaliyyəti əsas götürüləcək. Layihələrdə Gənclər Fondunun dəstəyi ilə regionlarda mövcud Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri resurs mərkəzi rolunda iştirak edəcəklər.
Bu il pilot olaraq ümumilikdə 20 layihəyə dəstək göstərilməklə, növbəti illərdə müsabiqənin geniş formatda davamlılığının qorunması da diqqət mərkəzindədir.