NAXÇIVAN QARNİZONU QOŞUNLARINDA KOMANDİR HAZIRLIĞI MƏŞĞƏLƏLƏRİ KEÇİRİLİB

“Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələləri keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən bildirilib ki, zabitlərin mənəvi-psixoloji dayanıqlığının qorunması və bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşğələlərdə komandir heyəti müxtəlif mövzularda nəzəri dərslərdə iştirak edib.

Komandir hazırlığında “Günün nizam qaydaları”na uyğun bölmələrdə qalx komandasından yat komandasınadək şəxsi heyətin yerinə yetirdiyi tapşırıqlar və icra etdiyi fəaliyyətlər nümayiş olunub.

Məşğələlərdə səhra rabitə qovşağı və elementlərinin ərazidə yerləşdirilməsi, açılması, yaranmış mürəkkəb şəraitdə rabitənin təmini ilə bağlı tapşırıqların yerinə yetirilməsi praktiki olaraq göstərilib.

Məşğələlər zamanı “Artilleriya bölmələrinin fəaliyyəti” mövzusunda dərslər keçirilib və praktiki atış tapşırıqları icra edilib.

Komandir hazırlığının sonunda zabitlərin ümumqoşun, ixtisas, topoqrafiya və fiziki hazırlıq səviyyələri yoxlanılıb.

Məşğələlərin yekununda bölmələrin döyüş hazırlığının yüksəldilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.