
Ukrayna KİV-i Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşünə və onun nəticələrinə geniş yer ayırıb.
Ukraynanın “İnterfax”, “RBK” informasiya agentlikləri, “Korrespondent.net” xəbər portalı və digər saytlarda yayımlanmış məqalələrdə Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan tərəfindən ölkələr arasında sülh sazişinə doğru sürətli irəliləmək arzularının ifadə edilməsi qeyd olunub. Bu məqsədlə bütün zəruri məsələləri əhatə edəcək sülh sazişinin hazırlanması üzərində işləmək üçün xarici işlər nazirlərinə tapşırığın verilməsinə dair razılığın əldə olunması vurğulanıb.
Hər iki ölkə arasında sərhədin delimitasiyası və demarkasiyası zəruri olacaqdır. Bu məqsədlə 2021-ci il 26 noyabr tarixli Soçi bəyanatına müvafiq olaraq aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının iclasının keçirilməsi ilə bağlı razılıq əldə olunub. Birgə Sərhəd Komissiyasının mandatına Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, sərhəd xətti boyu və onun yaxınlığında sabit təhlükəsiz vəziyyətin təmin edilməsi qeyd olunub.