HEYDƏR ƏLİYEV FONDUNUN TƏŞƏBBÜSÜ İLƏ KEÇİRİLƏCƏK “BAKI MARAFONU – 2022”-YƏ QEYDİYYAT BAŞLAYIB

Mayın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu – 2022” keçiriləcək. 2016-cı ildən təşkil olunan Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.

Fonddan verilən məlumata görə, “Küləyə qalib gəl” şüarı altında beşinci dəfə keçirilən Bakı marafonu bu il fərqli marşrutda təşkil ediləcək. Yarışın start nöqtəsi ilə yanaşı finişi də Dövlət Bayrağı Meydanında olacaq və 21 kilometrlik məsafəni əhatə edən marafon bu marşrut üzrə keçiriləcək: Dövlət Bayrağı Meydanı- Dənizkənarı bulvar-Bakı Beynəlxalq Dəniz Vağzalı-Neftçilər prospekti-Bakı Ağ şəhər bulvarı- Xəqani Rüstəmov küçəsi – Bakı Ağ şəhər bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsinin bir hissəsi-Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsi, Cavanşir körpüsündən keçməklə Üzeyir Hacıbəyli küçəsi-Neftçilər prospekti (Hökumət evi, Muzey Mərkəzi, Kukla teatrı, Qız qalası, “Azneft” dairəsi), Bakı Funikulyoru, Bayıl dairəsi, Bibiheybət yolu (Su İdmanı Sarayı) və Dənizkənarı bulvar boyunca hərəkət edərək (Su İdmanı Sarayının arxası, Bakı Kristal Zalı) – Dövlət Bayrağı Meydanı.

Yarışda iştirak üçün qeydiyyat martın 25-dən mayın 10-dək davam edəcək. 18 yaşdan yuxarı şəxslər bu müddətdə Bakı şəhərinin ticarət mərkəzlərindəki (“28 Mall”, “Gənclik Mall”, “Dəniz Mall”) qeydiyyat məntəqələrinə və ya “Bakı Marafonu – 2022”nin saytına – www.marathon.az müraciət edə bilərlər. Qeydiyyat zamanı müvafiq anket formasını doldurmaq, şəxsiyyət vəsiqəsinin surətini (tələbələr eyni zamanda tələbə vəsiqəsinin surətini) təqdim etmək və iştirak üçün müəyyən olunmuş vəsaiti ödəmək lazımdır.

Yarışda iştirak etmək istəyən fiziki şəxslər üçün ödəniş məbləği 20 AZN-dir. Korporativ olaraq qoşulanlar isə info@marathon.az elektron poçt ünvanına yazaraq müraciət edə bilərlər.

Tələbələrin marafonda iştirakı üçün vəsaiti Heydər Əliyev Fondu ödədiyindən, onlar qeydiyyat zamanı ödəniş etməyəcəklər.

“Bakı Marafonu – 2022”nin eksklüziv tərəfdaşı “Azercell Telekom” şirkətidir. Marafon Dənizkənarı Bulvar İdarəsi və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə təşkil olunur.

Layihənin icrası Sport Marketing Group (SMG) şirkəti, sponsoru isə “Baltika 0” şirkətidir.

“Bakı Marafonu – 2022”nin mükafatlandırması iki kateqoriyada olacaq. Marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparacaqlar. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaq.

Bundan əlavə, qadın və kişi kateqoriyası üzrə finiş xəttini ilk keçən tələbələr arasında “Gənc ol” (Azercell), eləcə də “finiş xəttini ilk keçən ən yaşlı iştirakçı”, “finiş xəttini ilk keçən korporativ iştirakçı”, “ən kreativ kostyum” nominasiyalarında da mükafatların təqdimatı nəzərdə tutulur.

Bütün marafon iştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərə sertifikatlar təqdim olunacaq. Finiş xəttini keçən ilk 1000 iştirakçı isə “Bakı Marafonu – 2022”nin xüsusi medalları ilə təltif ediləcək.

Marafon iştirakçıları, şəhər sakinləri və qonaqlar üçün Dövlət Bayrağı Meydanında əyləncə zonası yaradılacaq. Burada müxtəlif əyləncə proqramları, yarışlar, idman tədbirləri keçiriləcək. Şəhərin müxtəlif ünvanlarında da əyləncə zonaları şəhər sakinlərinin ixtiyarına veriləcək.

“Bakı Marafonu – 2022” ilə bağlı yeniliklər, yarış ərəfəsində keçiriləcək məşqlər barədə ətraflı məlumatlar layihənin sosial şəbəkələrdəki səhifələrində (facebook.com/bakumarathoninstagram.com/bakumarathon), eləcə də www.marathon.az saytında təqdim ediləcək.

Əlavə məlumat üçün telefon nömrəsi: (012) 310 13 31