MÜDAFİƏ NAZİRLİYİ: ERMƏNİ MƏNBƏLƏRİ TƏRƏFİNDƏN SÜNİ ŞƏKİLDƏ VƏZİYYƏT ŞİŞİRDİLİR

Erməni mənbələri tərəfindən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri boyunca guya vəziyyətin gərginləşdiyi barədə verilən xəbərlər həqiqəti əks etdirmir.

Müdafiə Nazirliyindən bildirilib ki, məntəqədə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır, hər hansı toqquşma və ya insident baş verməyib.

Erməni mənbələri tərəfindən süni şəkildə vəziyyət şişirdilir. Məqsəd qəsdən isterikaya səbəb ola biləcək abu-hava yaratmaq, ictimaiyyəti çaşdırmaq və yanlış istiqamətə yönəltməkdən ibarətdir. Narahatlıq və təşviş üçün heç bir əsas yoxdur.

Azərbaycan Ordusunun bölmələri əməliyyat şəraitinə tam nəzarət edir.