Tərtər rayonunun Suqovuşan qəsəbəsində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov dövlətimizin başçısına raport verib.
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva əvvəlcə sıra meydanında düzülmüş döyüş texnikalarına baxıblar.
Silahlı Qüvvələrin Ali Baş Komandanına hərbi hissədə yaradılan şərait bərədə məlumat verilib.
Bildirilib ki, hərbi hissənin ərazisində nəzarət-buraxılış məntəqəsi, qərargah binaları, əsgər yataqxanaları, tibb məntəqəsi, qazanxanalar, mağaza, 174 nəfərlik yeməkxana binası yaradılıb. Hərbi hissənin qərargah binasında hərbçilər üçün bütün zəruri avadanlıqla təchiz edilən iş otaqları var. Əsgər yeməkxanası da müasir səviyyədədir.
Dövlətimizin başçısı və Birinci xanım hərbi hissənin əsgər yeməkxanasında yaradılan şəraitlə tanış olublar.
Qeyd edək ki, burada hərbi qulluqçulara xidmətlərini yüksək səviyyədə aparmaq üçün hərtərəfli şərait yaradılıb.
İşğaldan azad edilən ərazilərdə hərbi hissələrin açılması, ən müasir texnikalarla təchizatı onu göstərir ki, Azərbaycan hərbi təhlükəsizliyini xüsusi diqqətdə saxlayır. Bunun üçün kifayət qədər imkan, ən əsası siyasi iradə var. Digər tərəfdən, cəmiyyət də dövlətin bu istiqamət üzrə siyasətini dəstəkləyir və birmənalı şəkildə dövlətin yanında olduğunu nümayiş etdirir.