Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazov ilə Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Emma Nikolson arasında görüş olub.
Görüşdə enerji bazarlarında mövcud vəziyyət və iki ölkənin enerji əməkdaşlığına dair məsələlər müzakirə edilib. Enerji bazarlarında sabitlik üçün dayanıqlı həllər kimi təchizatın diversifikasiyasının və karbohidrogen sektoruna diqqət yetirilməsinin vacibliyi qeyd edilib. Cənub Qaz Dəhlizinin töhfələri və genişlənmə perspektivlərindən bəhs edilib. Həmçinin Azərbaycan ilə Böyük Britaniya arasında enerji əməkdaşlığının inkişafında BP şirkəti ilə tərəfdaşlıq əlaqələrinin rolu, şirkətin neft-qazla yanaşı bərpa olunan enerji layihələrində iştirakının əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması, xarici şirkətlərlə külək və günəş enerjisi layihələrinin reallaşdırılması, həmçinin Xəzər dənizinin külək enerjisi potensialından istifadə istiqamətində görülən işlər də nəzərdən keçirilib.
Görüşdə London şəhərində keçirilməsi nəzərdə tutulan Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasından irəli gələn məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.