PREZİDENT İLHAM ƏLİYEV: ÖTƏN OTUZ İLDƏ AZƏRBAYCAN-FRANSA ƏLAQƏLƏRİ DİNAMİK İNKİŞAF EDİB, SƏMƏRƏLİ ƏMƏKDAŞLIQ MÜNASİBƏTLƏRİ FORMALAŞIB

1993-cü ildə Azərbaycan ilə Fransa arasında imzalanmış dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Müqavilə ikitərəfli münasibətlərimizin təməl prinsiplərini və inkişaf xəttini müəyyən etmişdi. Azərbaycan bu prinsiplərə daim sadiq qalaraq Fransa ilə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına çalışmışdır.

Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makrona ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar ünvanlandığı təbrik məktubunda ifadə olunur.

Məktubda vurğulanır ki, ötən dövr ərzində Azərbaycan-Fransa əlaqələri dinamik inkişaf edib, səmərəli əməkdaşlıq münasibətləri formalaşıb və bir çox sahələrdə yaxşı nailiyyətlər əldə olunub: “Bu gün Fransa şirkətləri Azərbaycanın iqtisadi həyatında fəal iştirak edir, Bakıda Fransız Liseyi və Fransız-Azərbaycan Universiteti uğurla fəaliyyət göstərir. Mehriban Əliyevanın bilavasitə rəhbərliyi altında ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına göstərilən diqqəti xüsusilə qeyd etmək istəyirəm. İnanıram ki, iqtisadiyyat, mədəniyyət, təhsil və digər sahələrdə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın inkişafı bundan sonra da xalqlarımızın və ölkələrimizin rifahına xidmət edəcəkdir”.