TÜRKİYƏ VƏ RUSİYA PREZİDENTLƏRİ ARASINDA TELEFON DANIŞIĞI OLUB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Prezidenti Administrasiyasının kommunikasiya idarəsi məlumat yayıb.
Bildirilib ki, təxminən bir saat davam edən telefon danışığı zamanı Rusiya-Ukrayna böhranı ilə bağlı son vəziyyət və iki ölkə arasındakı münasibətlər müzakirə olunub.
Danışıq əsnasında Türkiyə Prezidenti Ukrayna probleminin sülh yolu ilə həllinə ən qısa zamanda töhfə verməyə hazır olduğunu bildirib.
Təcili ümumi atəşkəsin bölgədəki humanitar narahatlıqları aradan qaldırmaqla yanaşı, həm də siyasi həll yolu axtarmağa fürsət verəcəyini qeyd edən Rəcəb Tayyib Ərdoğan “Sülhün yolunu birlikdə açaq” çağırışını təkrarlayıb.
Türkiyə Prezidenti atəşkəsin təmin olunması, humanitar dəhlizlərin açılması və sülh sazişinin imzalanması üçün təcili addımların atılmasının vacibliyini vurğulayıb.
Ukrayna tərəfi və digər ölkələrlə daim təmasda olduğunu diqqətə çatdıran Prezident Ərdoğan hərtərəfli danışıqlar aparmaq və nəticə əldə etmək üçün səylərini davam etdirəcəyini bildirib.