Bakıda “Ənənəvi idman növlərinin dirçəlişi” devizi altında keçirilən V Dünya Etnoidman Forumuna martın 6-da yekun vurulub.
Bağlanış mərasimində əvvəlcə Dünya Etnoidman Konfederasiyasının IV Ənənəvi İdman Mükafatları təqdim olunub.
Təqdimat mərasimində etnoidman növlərinin və oyunlarının dünya miqyasında tanınmasında, kütləviliyinin artırılmasında xidmətlərinə, ənənəvi idman növlərinin inkişafı üçün göstərdiyi liderliyə, fədakar yanaşmasına, idmana və idmançıya daim fəal dəstəyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Etnoidman Konfederasiyasının Ənənəvi İdman Mükafatları çərçivəsində “Liderlik Mükafatı” ilə təltif olunduğu bildirilib.
İspaniyalı professor Pere Leveqa Burques alimlərin dəstəklənməsi, argentinalı Bautista Risso böyüklər, seneqallı Ngor Niakh gənclər arasında ən yaxşı ənənəvi idman oyunçusu, Türkiyənin “TRT Spor Yıldız” telekanalı ən yaxşı təşkilat, “Ziraat Bankı” beynəlxalq sponsor, Rusiya Federasiyası Tatarıstan Respublikasının Beynəlxalq Kəmər Güləş Koreş Federasiyası isə ənənəvi idman növləri təşkilatı nominasiyalarında təltif olunublar.
Mükafatların təqdimatından sonra forumun bağlanış mərasimi keçirilib.
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov mərasimdə çıxış edərək iki gün ərzində forum çərçivəsində səmərəli müzakirələrin aparıldığını bildirib. Nazir tədbirdə səslənən fikirlərin dünyada etnoidmanın inkişafı, kütləviliyinin artırılması və beynəlxalq səviyyədə təbliği işinə mühüm töhfələr verəcəyini deyib. Etnoidmanın inkişafı baxımından belə forumların önəmini qeyd edən F.Qayıbov bu cür tədbirlərin davamlı təşkilinin vacibliyini diqqətə çatdırıb. O, forumun Bakıda keçirilməsinə dəstək verdiyinə görə Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğana təşəkkür edib.
Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan V Dünya Etnoidman Forumuna yüksək səviyyədə ev sahibliyinə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib. Konfederasiyanın sədri etnoidmanın tanıdılması, inkişaf etdirilməsi və kütləviliyinin artırılması üçün təhsil müəssisələrində də iş aparılmasının vacibliyini qeyd edib. Dünyada ənənəvi idman növlərinin dirçəlişi baxımından bu cür tədbirlərin önəmli olduğunu bildirən B.Ərdoğan forumda Konfederasiyanın əsas dəyərlərinin – sülh, həmrəylik, hörmət və adət-ənənələrin yaşadılmasının gələcək nəsillərə daha geniş və çevik şəkildə çatdırılması kimi mühüm məsələlər ətrafında fikir mübadiləsinin aparıldığını vurğulayıb. O, etnoidman forumlarının hər il davamlı qaydada keçirilməsinin dünyada sülhün və həmrəyliyin qorunmasına əhəmiyyətli töhfə verəcəyinə əminliyini bildirib.
Beləliklə, martın 5-də Bakıda işə başlayan V Dünya Etnoidman Forumuna yekun vurulub.