Türkiyə ilə Azərbaycanın dostluq, qardaşlıq, strateji tərəfdaşlıq və nəhayət, müttəfiqlik münasibəti hər zaman yüksək olub.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, 44 günlük Vətən müharibəsi iki ölkə arasında qardaşlığın təzahürü oldu.
“Bu müddət ərzində Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyi çox önəmli oldu”, – deyə nazir bildirib.
Nazir qeyd edib ki, Azərbaycan və Türkiyə münasibətlərinin bu qədər yüksək olmasında iki ölkə liderlərinin böyük rolu var.
“Yalnız ötən ilə nəzərə salsaq, bölgədə yaranmış yeni reallıqlar, imkanlar kontekstində 2021-ci il iyunun 15-də tarixi Şuşa bəyannaməsi, ondan bir neçə ay sonra Qarabağın ilk beynəlxalq hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanının açılışında iki liderin iştirakı, ondan iki həftə sonra Türk Şurası dövlətlərinin İstanbulda keçirilən sammitinin baş tutmasını qeyd etmək istərdim. Şuşa Bəyannaməsi həm Türkiyə, həm Azərbaycan parlamentləri tərəfindən ratifikasiya edildi. Tam müxtəlif sahələri, hərbi-texniki, mədəni, humanitar, informasiya və kommunukasiya sahəsində əməkdaşlıq və digər çoxsaylı sahələri özündə ehtiva edir”, – deyə nazir bildirib.