PREZİDENT İLHAM ƏLİYEV: QARABAĞ VƏ ZƏNGƏZURDA YER ÜZÜNDƏ CƏNNƏT NÜMUNƏSİ YARADACAĞIQ

Qarabağ və Zəngəzurda yer üzündə cənnət nümunəsi yaradacağıq.

Bunu Prezident İlham Əliyev martın 5-də BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərifi qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

“Hazırda bizim qarşımızda böyük çağırışlar var. Əminəm ki, bizim planlarımız barədə sizə məlumat verilib. Ola bilsin ki, bizim bərpa prosesimizin müəyyən nəzərəçarpan hissəsini görmüsünüz. Bu, böyük işdir. İndiyə qədər biz nə beynəlxalq təşkilatlardan, nə də dünyanın heç bir ölkəsindən beynəlxalq yardım olaraq bir dollar belə almamışıq. Gördüyümüz bütün işləri öz hesabımıza edirik. Biz bunu etməyə davam edəcəyik. Lakin əlbəttə qəribədir ki, torpaqların azad edilməsindən demək olar il yarım keçməsinə baxmayaraq, heç kim bizə kömək etməyə hazır deyil. Yalnız sözlər, başqa heç nə. Nə donor konfransı ilə bağlı ideyalar, nə də maliyyə dəstəyi var. Hətta məşhur qeyri-hökumət təşkilatları, məşhur beynəlxalq fondlar Qarabağ və Zəngəzurda baş verənlərə göz yumur. Bu, təəssüf doğurur. Bilirsiniz, biz əraziləri bərpa edəcəyik, Qarabağ və Zəngəzurda dediyim kimi yer üzündə cənnət nümunəsi yaradacağıq. Biz bunu nəyin bahasına olursa-olsun edəcəyik. Lakin düşünürəm ki, beynəlxalq təşkilatların, donor təşkilatların, böyük fondların bu etinasızlığı qəbuledilməzdir. Ümidvarıq, BMT öz qurumları və öz kommunikasiya kanalları vasitəsilə bizi dəstəkləyəcək, bu mühüm mesajı çatdıracaq ki, Azərbaycanın dəstəklənməyə ehtiyacı var. Biz sizin səfərinizi bu dəstəyin əlaməti hesab edirik. Əminəm ki, orada gördükləriniz barədə hesabat verəcəksiniz. Çünki, eşitmək, bilmək, oxumaq ayrı, gəlib öz gözlərinizlə görmək isə ayrı məsələdir.

Həmçinin dünyanın erməni barbarlığı haqqında öyrənməyi vacibdir. Bu, cəzalandırılmalıdır. Biz müharibə zamanı onları elə cəzalandırdıq ki, onlar bunu heç vaxt unutmayacaqlar, lakin təcavüzkar beynəlxalq səviyyədə də cəzalandırılmalıdır. Əlbəttə ki, təzminat məsələsi var. Biz təzminat tələb edirik. Bu məsələni beynəlxalq arenada qaldırmaqda bizə kömək etmək üçün artıq beynəlxalq təsisatları, hüquqşünas qrupları cəlb etmişik. Beləliklə, planlar bundan ibarətdir. Düşünürəm ki, gələn ilin proqramı üçün biz əməkdaşlığımızı yaranmış bu mühüm reallığa uyğunlaşdırmalıyıq.

Hazırda minalar səbəbindən keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə geri qaytarılması mümkün deyil. Əfsuslar olsun ki, indiyədək bizdə minalar səbəbindən 200-dən çox insan həlak olub və ya ağır yaralanıb. Ərazilərin bu minalardan təmizlənməsi böyük təcrübə və texniki imkanlar tələb edir. Həmçinin biz geri qayıdacaq insanlar üçün layiqli şərait yaratmalıyıq və proses başlayıb. Əminəm ki, siz ölkəmizə yenidən səfər edəcəksiniz, çünki, bu, qlobal miqyasda həqiqətən də çox mühüm məsələdir. Düşünürəm ki, bizim Livan böyüklüyündə ərazini necə bərpa edəcəyimiz, işğaldan, dağıntıdan və başqa ciddi problemlərdən əziyyət çəkən digər ölkələr üçün yaxşı nümunə olacaq. Əminəm ki, bizim kimi eyni problemlərlə üzləşən və ya üzləşmiş bütün digər ölkələr üçün nümunə ola bilərik. Bir daha xoş gəlmisiniz. Bizimlə olduğunuz üçün təşəkkür edirəm”.