SABAH BAKIDA V BEYNƏLXALQ ETNOSPORT FORUMU START GÖTÜRƏCƏK

Martın 5-də Bakıda “Ənənəvi idmanın dirçəldilməsi” adlı V Beynəlxalq Etnosport Forumu start götürəcək.

Martın 6-dək davam edəcək foruma Dünya Etnosport Konfederasiyasına üzv olan 14 ölkədən 140 nümayəndə qatılacaq.

Tədbirdə etnoidman idman növlərinin yayılması və şaxələndirilməsi üçün ideyalar, oyun mükafatları və idmançıların motivasiyasının yaxşılaşdırılması, eləcə də etnoidmanın təbliği məsələləri geniş müzakirə olunacaq.

Belə bir tədbirin təşkili xalqların zəngin və çoxəsrlik mədəni irslərinin, yüz illərlə formalaşmış adət-ənənələrinin və mədəniyyətlərinin, eləcə də milli idman növlərinin inkişafında və daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayacaq.

V Beynəlxalq Etnoidman Forumunun Bakıda keçirilməsinə dair qərarın qəbulu ölkəmizin indiyədək bir sıra mühüm idman yarışlarına və tədbirlərinə uğurla ev sahibliyi etməsinin nəticəsidir. Belə ki, dünyanın zənginliyindən xəbər verən ənənəvi milli idman növlərinin inkişafına ölkəmizdə yüksək diqqət və qayğı göstərilir. Bu da Azərbaycan dövlətinin öz tarixinə, adət-ənənələrinə yüksək diqqətinin bariz göstəricisidir. Azərbaycanın milli atüstü idman oyununun – çövkənin 2013-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına salınması böyük uğurlarımızdandır.

Qeyd edək ki, Dünya Etnoidman Konfederasiyasının rəsmi dəstəyi ilə Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə 2019-cu ildə Gədəbəy rayonunda Milli Yaylaq Festivalı keçirilib. Gədəbəy rayonunun ərazisində yerləşən Düzyurd-Miskinli yaylağında təşkil edilən tədbirdə əsas məqsəd Azərbaycan xalqının zəngin və çoxəsrlik mədəni irsinin, yüz illərlə formalaşmış yaylaq və elat mədəniyyətinin, unikal mədəniyyət nümunələrinin və tarixi abidələrinin nümayiş etdirilməsi və ərazinin turizm potensialının üzə çıxarılmasından ibarət olub.

Dünya Etnoidman Konfederasiyası 2016-cı ildən etibarən hər il İstanbulda onlarca ölkədən yüz minlərcə ziyarətçinin iştirakı ilə Etnoidman Mədəniyyəti Festivalı təşkil edir. Ənənəvi idman və oyunlar çərçivəsində keçirilən festivalda müxtəlif ölkələr öz mədəni və idman tədbirlərini nümayiş etdirmək imkanı qazanırlar.