BMT-NİN MƏSKUNLAŞMA PROQRAMININ İCRAÇI DİREKTORU AZƏRBAYCANA SƏFƏR EDƏCƏK

BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru Maimuna Mohd Şərif Azərbaycanda inklüziv, təhlükəsiz, davamlı və dayanıqlı şəhər inkişafını təşviq etmək, habelə təmsil etdiyi BMT agentliyi ilə əlaqələri möhkəmləndirmək üçün martın 4-də ölkəmizə səfər edəcək.
BMT-nin Qlobal Kommunikasiyalar Departamentinin Azərbaycan nümayəndəliyindən bildiriblər ki, ənənəvi idman növlərinin dirçəldilməsinə həsr olunmuş V Etnosport Forumuna təsadüf edən üçgünlük səfəri çərçivəsində xanım Maimuna Mohd Şərif Azərbaycanın dövlət və hökumət nümayəndələri ilə görüşlər keçirəcək, ikitərəfli danışıqlar aparacaq.
UN-HABITAT-ın icraçı direktoru, həmçinin Ağdam şəhərinə səfər edəcək və orada Azərbaycan hökumətinin şəhərsalma üzrə aparıldığı yenidənqurma işləri ilə tanış olacaq.