BAKI AKROBATİKA GİMNASTİKASI ÜZRƏ 28-Cİ DÜNYA ÇEMPİONATINA HAZIRLAŞIR

Paytaxtımız gimnastikanın daha bir növü üzrə beynəlxalq yarışa ev sahibliyi etməyə hazırlaşır.

Azərbaycan Gimnastika Federasiyasından bildirilib ki, martın 10-13-də Milli Gimnastika Arenasında gimnastikanın ən maraqlı və həyəcanlı növlərindən biri olan akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya çempionatı keçiriləcək.

Qeydiyyat siyahısına əsasən yarışlarda 21 ölkədən 190 gimnastın iştirakı gözlənilir.
4 gün davam edəcək yarışlarda idmançılar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.
Yarışda ölkəmizi gənclər arasında Avropa çempionları Daniel Abbasov və Murad Rəfiyev kişi cütlüyü tərkibində təmsil edəcəklər.

Qarışıq cütlüklər tərkibində isə beynəlxalq turnirlərin qalibləri Sabir Ağayev və Mehriban Salamova, Avropa çempionatının gümüş və bürünc mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidli mübarizə aparacaqlar.

Xatırladaq ki, 2018-ci ildə ölkəmiz ilk dəfə akrobatika gimnastikası üzrə Dünya kuboku yarışlarına ev sahibliyi edib.