Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Ukraynada baş verən hadisələrlə bağlı bəyanat yayıblar.
Qurumdan verilən məlumata görə, mərkəzin həmsədrləri, həmçinin, 40-a yaxın sabiq dövlət və hökumət başçılarının, nüfuzlu ictimai və siyasi xadimlərin imzaladığı bəyanatda Ukraynada baş verən münaqişədə dayanıqlı sülhə nail olmaqla bağlı çağırış edilir.
Bəyanatda qeyd olunur ki, dünyanın pandemiya ilə mübarizə apardığı bir vaxtda, Rusiya tərəfindən 24 fevralda Ukrayna sərhədləri istiqamətində hərbi əməliyyatların başladılması, hər iki tərəfdən ciddi itkilərlə müşahidə olunan, insanların həyatlarını itirməsi ilə nəticələnən hadisələr dərin təəssüf doğurur. Pandemiyadan əziyyət çəkən qlobal dünya iqtisadiyyatının hələ tam bərpa olunmadığını vurğulayan üzvlər bunların çox böyük iqtisadi geriləməyə səbəb olacağını bildirirlər.
Həmçinin qeyd olunur ki, Ukraynada baş verən döyüşlərin dayandırılması və regionda dayanıqlı sülhə nail olmaq, rifahı və inkişafı təşviq etmək məqsədilə beynəlxalq ictimaiyyət səylərini yeniləməli və gücləndirməlidir. Bunun üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin atdığı addımlar təqdirəlayiq hesab olunur və onun tərəfindən irəli sürülən Rusiya ilə Ukrayna prezidentləri arasında danışıqların Bakıda keçirilməsi ilə bağlı təklifin tam dəstəklənməsi ifadə olunur.
Bakının yaxın keçmişdə NATO və Rusiya yüksək rütbəli generalları arasındakı müzakirələrinə ev sahibliyi etdiyi nəzərə çatdırılır. Üzvlər İkinci Dünya Müharibəsindən sonra tarixin qarşılaşdığı ən böyük konfliktdə sülhə çağırışların qəbul olunmasına və prezidentlər arasında bu görüşlərin Bakıda keçiriləcəyinə ümid bəslədiklərini ifadə edirlər.