Ermənistan silahlı qüvvələrinin 2017-ci ilin fevral ayının 24-dən 25-nə keçən gecə bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olan hərbi qulluqçularımız – Aqşin Abdullayev, Şahlar Nəzərov, Tural Haşımlı, Zülfü Qədimov və Zakir Cəfərovun xatirəsinə həsr olunan anım tədbiri keçirilib.
Müdafiə Nazirliyi xəbər verir ki, anım tədbirində Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, general-mayor Mayis Bərxudarov və N hərbi hissəsinin hərbi qulluqçuları, ictimaiyyət nümayəndələri və şəhid ailələrinin üzvləri iştirak ediblər.
Əvvəlcə Ulu Öndərin büstü, eləcə də şəhidlərin məzarı və abidə kompleksinin önünə gül dəstələri qoyulub, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər şəhidlərin şərəfli ömür və döyüş yolundan bəhs edib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində ordumuzun qazandığı qələbədən, tarixi torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışıblar.
Şəhidlərin yaxınları göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda məktəblilər tərəfindən şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib, xatirə şəkli çəkdirilib.