İranın İRNA dövlət informasiya agentliyi Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə barədə məqalə yayıb.
Materialda bu Bəyannamənin region üçün faydalı olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, Bəyannamədə iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlıq və qarşılıqlı fəaliyyətin davam etdirilməsi göstərilib.
Vurğulanıb ki, Prezident İlham Əliyev və Prezident Vladimir Putin tərəfindən imzalanmış bu sənədin müddəalarına uyğun olaraq, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında münasibətlər qarşılıqlı fəaliyyət, müstəqilliyə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına, qarşılıqlı hörmətə əsaslanır.
Sənəddə, həmçinin tərəflər arasında hərbi-siyasi əməkdaşlıq da nəzərdə tutulub ki, bu da regionda sülhün və əmin-amanlığın davamlı olması üçün zəmanət yaradır, beynəlxalq terrorçuluğa qarşı mübarizəni gücləndirir.