Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar Türkiyənin Ankara şəhərinin Qızılcahamam rayonunda anma mərasimi keçirilib.
Azərbaycanın Türkiyədəki səfirliyi və Qızılcahamam rayon bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən anım tədbirində rəsmi şəxslər, Ankara ictimaiyyətinin tanınmış simaları, yerli sakinlər iştirak ediblər.
Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qızılcahamam Bələdiyyəsinin sədri Süleyman Acar, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyə Böyük Millət Məclisinin deputatı Emrullah İşler, Ankara Universitetinin rektoru Necdet Ünüvar, Qızılcahamam icra başçısı Can Aksoyun çıxışları dinlənilib.
Çıxışlarda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələrinin Xocalıda törətdikləri bəşəri cinayətin acılarından danışılıb. Azərbaycan xalqına qarşı törədilən bu faciənin bəşəri cinayət, soyqırımı aktı olduğu ifadə edilib. Əminliklə vurğulanıb ki, sülhsevər dünya ictimaiyyəti “Xocalıya ədalət!” deyərək bu soyqırımını törədənlərin ədalət məhkəməsinə çıxarılmasını tələbə edəcək.
Çıxışlardan sonra iştirakçılar Xocalı şəhidlərinin xatirəsinə ucaldılan abidənin önünə tər çiçəklər düzüb, Qızılcahamamdakı Xocalı Abidə-Muzey Kompleksini ziyarət ediblər.