FƏXRİ KONSUL: XARKOVDAKI AZƏRBAYCANLILARIN SAYININ DƏQİQLƏŞDİRİLMƏSİ APARILIR

Hal-hazırda konsulluq əməkdaşları müxtəlif kanallarla konsulluğun xidməti dairəsində yaşayan həmvətənlərin sayının dəqiqləşdirməsi prosesi ilə məşğuldur.

Bu barədə Azərbaycanın Ukraynanın Xarkov şəhərində fəxri konsulu Əfqan Salmanovun açıqlamasında deyilir:

“Bildiyiniz kimi ötən gündən başlayaraq Ukrayna ərazilərində hərbi-siyasi vəziyyət gərginləşib. Ölkənin bir çox istiqamətlərində hərbi əməliyyatlar gedir. Ukraynanın Xarkov şəhəri ölkənin ikinci şəhəri olması ilə döyüşlərin getdiyi əsas ərazilərə yaxındır. Buna baxmayaraq Azərbaycan konsulluğu ştat rejimində fəaliyyətini davam etdirir və həmvətənlərimizə imkanları daxilində müxtəlif köməklikləri göstərməkdədir. Hal-hazırda konsulluq əməkdaşları müxtəlif kanallarla konsulluğun xidməti dairəsində yaşayan həmvətənlərin sayının dəqiqləşdirməsi prosesi ilə məşğuldur. Operativ qaydada konsulluq Kiyev şəhərində fəaliyyət göstərən Azərbaycan Respublikasının konsulluğu və Xarici İşlər Nazirliyi ilə mütəmadi məsləhətləşmələr həyata keçirir.

Bir daha qeyd etmək istərdim ki, xüsusi hallar ilə bağlı vətəndaşlarımız Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və info.azconsulate@gmail.com elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər.

Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat tərəfimizdən bildiriləcək”.