FORMULA 1 AZƏRBAYCAN QRAN-PRİSİNƏ MARŞAL QEYDİYYATI UĞURLA BAŞA ÇATIB

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) tərkibində fəaliyyət göstərən “Bakı Marşal Klubu” (BMK) iyunun 10-12-də keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinə marşal qeydiyyat proqramını uğurla başa vurub.

BŞH-dən bildiriblər ki, yanvarın 10-dan başlayan seçimlərdə 3 minə yaxın şəxs namizədliyini irəli sürərək, qeydiyyatdan keçib.

Fevralən əvvəlində başlayan müsahibə mərhələsi isə ayın 20-də yekunlaşıb. Artıq 440-a yaxın namizəd müsahibə mərhələsində iştirak edib. Müraciətlər arasında yerli namizədlərin sayı – 2300 nəfərə çatıb ki, onlardan 950-si öncəki yarışlarda uğurla iştirak etmiş, təcrübəli marşallardır. Xarici ölkələrdən olan marşalların müraciət sayı isə 360-a çatıb. Ümumilikdə, 2016-ci ildən etibarən qeydiyyatdan keçmiş təcrübəli marşalların sayı 3 min 400-ü keçib.

Mart ayından etibarən isə marşalların təlimlərinə start veriləcək. Təlimlər hər şənbə və bazar günləri Avropa Oyunları Parkında yerləşən Marşal tədris-təlim mərkəzində keçiriləcək. Bu prosesin iyunadək davam etməsi nəzərdə tutulur.

Formula 1 Azərbaycan Qran-Prisində marşal fəaliyyətini uğurla başa çatdıran hər bir şəxsə Azərbaycan Avtomobil Federasiyası və Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən beynəlxalq lisenziya təqdim olunacaq. Beynəlxalq lisenziya marşallara, yalnız Azərbaycanda deyil, həmçinin Formula 1 Qran-Prisinə ev sahibliyi edən digər ölkələrdə keçirilən yarışlara qatılmaq hüququ verəcək.

Formula 1 yarışlarında marşallar böyük əhəmiyyət daşıyır. F-1 aləmində marşallara “yarış rəsmiləri” də deyilir. Onların fəaliyyəti F-1 pilotlarının təhlükəsizliyinin təminatında və bütün marşal komandasının inzibati təşkilatçılığında həyati əhəmiyyət daşıyır.

Qeyd edək ki, “Bakı Marşal Klubu” BŞH tərəfindən 2016-cı il təsis olunub.