Kolumbiyanın nüfuzlu rəqəmsal mətbu orqanlarından olan “LaOtraCara” və “Ola Politica” qəzetlərində tanınmış jurnalist Roberto Trobaxonun Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalı üçün ürəklərin fəryadı” başlıqlı məqaləsi dərc olunub.
Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib ki, yazıda Ermənistan tərəfindən təcavüz və işğal məqsədilə Azərbaycana qarşı başladılmış birinci müharibə zamanı 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində erməni silahlı qüvvələri tərəfindən mülki əhaliyə qarşı tarixdə misli görünməmiş xüsusi vəhşiliklə qətliam törədildiyi, bu zaman arasında qadınlar, uşaqlar və yaşlılar da olmaqla yüzlərlə günahsız insanın öldürüldüyü, əsir götürüldüyü, ağır işgəncələrə məruz qoyulduğu və itkin düşdüyü barədə məlumat verilir.
Müəllif insanlıq tarixinə ləkə salan və üzərindən 30 il müddət keçməsinə rəğmən insanların ürəyində silinməz iz qoymuş bu dəhşətli cinayətin uzun müddət erməni liderləri tərəfindən riyakarcasına təkzib edildiyini, ancaq dünya ictimaiyyətinin bu hadisəni əsla unutmamalı və qətiyyən bu cinayətə biganə qalmamalı olduğunu bildirir.
Məqalədə, həmçinin Azərbaycan xalqına qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin ən ağrılı təzahürlərindən biri olan Xocalı soyqırımı zamanı erməni silahlılarının törətdiyi amansızlıqların 1949-cu il Cenevrə Konvensiyası və digər beynəlxalq insan hüquqları paktlarını kobud şəkildə pozmaqla yanaşı, Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən də insanlıq əleyhinə cinayət kimi qiymətləndirildiyi, habelə bir sıra ölkələrin parlamentləri tərəfindən qəbul edilmiş sənədlərdə də soyqırımı kimi tanındığı qeyd olunur.
Sonda müəllif beynəlxalq ictimaiyyətə müraciət edərək Xocalı soyqırımı günahkarlarının, orada kütləvi insan qətliamı törətmiş erməni cinayətkarlarının öz layiqli cəzalarını almaları naminə daha qətiyyətli və tələbkar davranmağa çağırış edir.