AZƏRBAYCAN VƏ RUSİYA PREZİDENTLƏRİNİN İMZALADIQLARI SON BƏYANNAMƏ YAPONİYA KİV-İN DİQQƏT MƏRKƏZİNDƏDİR

Fevralın 22-də Moskvada imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə Yaponiya kütləvi-informasiya vasitələrinin diqqət mərkəzindədir. Bildirilir ki, bəyannamə Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanıb.

Yaponiyanın nüfuzlu JIJI PRESS agentliyinin, “Sankei” qəzetinin, “kobe-np.co.jp”, “ajmedia.jp, “msn.com/ja-jp” və “minpo.jp” saytlarının yaydığı məlumatlarda Azərbaycan və Rusiya liderlərinin imzaladığı son bəyannamə və həmin sənədin imzlanmasından sonra mətbuata bəyanatlarla çıxışları barədə ətraflı məlumat verilir.

Rusiyanın “İnterfaks” və Azərbaycanın AZƏRTAC agentliklərinə istinadla yapon və ingilis dillərində yayılan məlumatlarda yeni sənədin tərəflər arasında bir çox sahələrdə, o cümlədən hərbi-siyasi sahədə yeni əməkdaşlığın daha da möhkəmlənəcəyinə təkan verəcəyi qeyd edilir. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin tənzimlənməsi ilə əlaqədar müzakirələrin davam etdiriləcəyinə dəstək göstəriləcəyi bildirilir.

Azərbaycanın Kollektiv Təhlükəsizlik Haqqında Müqavilə Təşkilatının üzvü olmadığı, lakin Rusiya ilə siyasi-iqtisadi sahədə sıx əməkdaşlıq etdiyi qeyd edilir. Bildirilir ki, yeni sənəd postsovet məkanında təhlükəsizlik sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır.