XARİCİ İŞLƏR NAZİRLİYİ: RUSİYA XİN-İN TÜRKMƏNÇAY MÜQAVİLƏSİ İLƏ BAĞLI TƏHRİF OLUNMUŞ MƏLUMAT PAYLAŞMASI TƏƏSSÜF DOĞURUR

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin imzalandığı bir gündə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sosial şəbəkə hesabında 1828-ci il Türkmənçay Müqaviləsi ilə bağlı təhrif olunmuş məlumatın paylaşılması təəccüb və təəssüf doğurur.

Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Rusiya Federasiyası XİN-in sosial şəbəkə hesabında Türkmənçay Müqaviləsinə dair təhrif olunmuş paylaşım ilə bağlı şərhində deyilir.

“Vurğulamaq istərdik ki, sözügedən müqavilədə, ümumiyyətlə “Şərqi Ermənistan” sözünə istinad edilmir və əlbəttə, bu fakt Rusiya XİN-in Tarixi sənədlər departamentinə yaxşı bəlli olmalıdır.

Bu təhrifin aradan qaldırılmasını vacib hesab edirik və Rusiya XİN-in rəsmi sosial şəbəkə səhifəsində sözügedən yalnış məlumata müvafiq düzəlişin ediləcəyini gözləyirik”, – məlumatda deyilir.