AZƏRBAYCANDAKI DİNİ KONFESSİYALARIN RƏHBƏRLƏRİ XOCALI FACİƏSİ İLƏ BAĞLI BEYNƏLXALQ TƏŞKİLATLARA MÜRACİƏT EDİBLƏR

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Xocalı faciəsi ilə bağlı dünya dini liderlərinə, beynəlxalq təşkilatlara, parlamentlərə və dünya ictimaiyyətinə müraciət edib.

Müraciətdə deyilir: “Biz, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri XX əsrin qanlı faciələrindən biri olan, insanlıq əleyhinə ən ağır hərbi cinayətlər sırasında yer alan Xocalı soyqırımının 30-cu ildönümü ərəfəsində dünya ictimaiyyətinə müraciət edirik.

Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı Ermənistan hərbiçiləri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş hərbi cinayətlərin ən dəhşətlisidir. Bu qətliamdan bir neçə gün əvvəl – 1992-ci ilin fevralın 17-də Ermənistan silahlı birləşmələri Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndində yerli azərbaycanlı əhalini kütləvi qırğına məruz qoymuş və öz cinayətlərini misli görünməmiş qəddarlıqla davam etdirərək, fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində soyqırımı törətmişlər. Ağır hərbi texnikanın tətbiqi ilə davam edən qırğınlar nəticəsində Xocalı şəhəri tamamilə dağıdılaraq yerlə-yeksan edilmiş, 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 nəfər azərbaycanlı öz milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilmişdir. Ağlasığmaz qəddarlıqla 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Azğınlaşmış hərbiçilər insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, insanları diri-diri torpağa basdırmış və ya yandırmış, meyitlərin bir qismini minalamışlar. Şaxtalı hava şəraitində əli-ayağı yalın qaçıb xilas olmaq istəyən mülki əhaliyə belə aman verilməmiş, onlar təqib edilərək yollarda, meşələrdə Ermənistan hərbi qulluqçuları tərəfindən xüsusi amansızlıqla qətlə yetirilmişlər. Bu bəşəri cinayət nəticəsində 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər girov götürülərək dəhşətli işgəncələrə məruz qalmış, meyitlər üzərində qeyri-insani təhqir və həqarətlərə yol verilmişdir. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyil.
Dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırırıq ki, Ermənistanın əsassız ərazi iddiaları və təcavüzkar siyasəti nəticəsində Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərininin 20%-i 30 ilə yaxın işğal altında saxlanılmış, Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti, fiziki və mənəvi terror həyata keçirilmiş, bir milyondan artıq insan Ermənistandakı və Azərbaycanın Qarabağ bölgəsindəki öz ata-baba torpaqlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilmiş, onların insan hüquqları kobud şəkildə pozulmuş, yüzlərlə şəhər və kənd, Azərbaycan xalqının qədim və zəngin mədəni irsi dağıdılaraq talan edilmişdir.

2020-ci ilin yay aylarından etibarən Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribata başlayaraq “yeni torpaqlar naminə yeni müharibə” şüarı ilə Azərbaycanın müxtəlif bölgələrinə, dinc əhali və mülki infrastruktura qarşı ağır artilleriyadan istifadə etməklə işğal ərazisini genişləndirməyə cəhd göstərdi. Öz hərbi cinayətlərini və vandalizm aktlarını davam etdirən təcavüzkar erməni rejimi Ermənistan-Azərbaycan sərhədində və hərbi əməliyyatlar zonasından uzaqda yerləşən yaşayış məntəqələrimizi, o cümlədən, Gəncə, Bərdə, Tərtər, Mingəçevir, Qəbələ kimi iri şəhərləri ağır artilleriya, qadağan edilmiş ballistik raketlər, fosforlu və kasetli bombalarla atəşə tutdu. Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq başlayan müqəddəs Vətən Müharibəsində Azərbaycan beynəlxalq hüquq normalarına, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinə uyğun olaraq əzəli torpaqlarını 30 illik işğaldan qurtardı, dünya birliyi tərəfindən tanınan sərhədləri çərçivəsində öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi.

Dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istəyirik ki, Ermənistan işğalçılıq, etnik təmizləmə və soyqırımı siyasəti ilə yanaşı, həm də 30 illik işğal zamanı Azərbaycanın dini-mədəni və tarixi irsinə qarşı mənəvi təcavüz və genosid həyata keçirmişdir. Həmin ərazilərdə yerləşən müsəlman və digər dini məbədlər, o cümlədən, rus pravoslav kilsələri, mədəni-tarixi abidələr, qəbristanlıqlar uzun illər ərzində erməni vandalizminə, qədim Alban xristian kilsələri isə erməniləşdirmə cəhdlərinə məruz qalmışdır. Bölgədə mövcud olmuş 67 məsciddən 65-ni tamamilə dağıdan, məscidləri tövləyə çevirən, hətta orada İslamda haram buyurulan heyvanları saxlayaraq həqarətlər edən Ermənistan bütün İslam aləminin heysiyyətini təhqir etməkdən belə çəkinməmişlər. Vaxtilə Azərbaycanın inkişaf etmiş Ağdam, Füzuli, Cəbrayıl və s. kimi böyük və abad şəhərlər, yüzlərlə qəsəbə və kəndlər Ermənistan tərəfindən xarabazarlığa çevrilərək yer üzündən silinmiş, mövcud infrastruktur tamamilə məhv edilmişdir. Hazırda buraya müşahidəçi missiyası ilə gələn xarici qonaqlar bu yerləri “Qafqazın Xirosiması”, “ruhlar şəhəri” adlandırırlar. İşğal olunmuş ərazilərdə misli görünməyən “yandırılmış torpaq” siyasəti tətbiq olunmuşdur.

Muharibənin bitməsinə və təcavüzə son qoyulmasına baxmayaraq, bugünədək azad edilmiş torpaqlarda hələ də günahsız insanlar şəhid olur, çünki həm 30 illik işğal dönəmində, həm də Azərbaycan torpaqlarını tərk edərkən Ermənistan bura yüz minlərlə mina yerləşdirmişdir. Ermənistan beynəlxalq hüquqa və humanitar prinsiplərə açıq-aşkar etinasızlıq göstərərək mina xəritələrini verməkdən yayınır və ya həqiqətə uyğun olmayan saxta xəritələr təqdim edir. Müharibədən sonra erməni dini liderləri revanşist bəyanatlarla öz xalqını region üçün son dərəcə zəruri olan sülhə deyil, yeni müharibəyə çağırırlar. Ermənistan siyasi və dini dairələri beynəlxalq qurumlara və dini təşkilatlara müraciət edərək işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın guya xristian abidələrini məhv etməsi barədə yalançı və böhtan xarakterli dezinformasiyalar yayır, Qarabağda Ermənistanın törətdiyi vandalizmdən diqqəti yayındırmaq məqsədilə əsl həqiqətləri pərdələməyə çalışırlar.

Biz, dini konfessiya rəhbərləri bildiririk ki, fəaliyyət göstərdiyimiz Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədə tənzimlənir və bütün dinlər dövlət tərifindən bərabər hüquqlarla təmin olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bilavasitə iştirakı və himayəsi ilə Qarabağın dirçəlişinə və yenidən qurulmasına start verilmiş, o cümlədən Ermənistan tərəfindən məhv və talan edilmiş zəngin mədəni-tarixi irsin, eyni zamanda müsəlman və xristian məbədlərinin bərpasına və qorunmasına başlanılmışdır.
Biz beynəlxalq və dini təşkilatları, din xadimlərini işğaldan azad olunmuş ərazilərdə real vəziyyətlə, o cümlədən ölkədə mövcud olan nümunəvi tolerantlıq və multikulturalizm mühiti ilə yerində tanış olmaq məqsədilə Azərbaycana dəvət edirik. Ümidvarıq ki, müvafiq beynəlxalq təşkilatlar və ixtisaslaşdırılmış qurumlar işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın tarixi, mədəni və dini abidələrinə qarşı Ermənistanın törətdiyi vandalizm aktlarını öz gözləri ilə görərək bu qeyri-insani əməllərə düzgün qiymət verəcək və obyektiv gerçəkliyi beynəlxalq ictimaiyyətə təqdim edəcəklər.

Təəssüflə qeyd edirik ki, dünyada baş verən kütləvi zorakılıq hallarının, ekstremizmin və terror cinayətlərinin vaxtında hüquqi-siyasi qiymət almamasının arxasında bəzi siyasət və din xadimlərinin, dövlətlərin, təşkilatların həmin problemlərə münasibətindəki ikili standartlar, dini və irqi ayrı-seçkilik kimi təhlükəli meyllər dayanır. Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun nəticələrini, işğal edilmiş ərazilərdə Ermənistan tərəfindən törədilmiş vandalizm haqqında həqiqətləri bütün miqyası və dəhşətləri ilə dünya ictimaiyyətinə çatdırmaq, xüsusilə də Xocalı qətliamının soyqırımı kimi tanınmasına nail olmaq şəhidlərin ruhu qarşısında insanlıq borcumuzdur. Bu məramla bir daha müraciət edərək, dünya dini liderlərini, parlamentləri, BMT və digər beynəlxalq təşkilatları Holokost, Xatın, Srebrenitsa və s. bəşəri cinayətlər kimi Xocalı soyqırımına da ədalətli və obyektiv hüquqi-siyasi qiymət verilməsinə dəstək olmağa çağırırıq.

Azərbaycandakı dini konfessiyalar regionumuzda hər hansı hərbi aqresiyaya, müharibə və nifrət çağırışlarına, dini və etnik dözümsüzlüyə, revanşizm meyillərinə son qoyulmasına, dövlətlər və xalqlar arasında mehriban qonşuluğun, sülhün və əmin-amanlığın bərqərar edilməsinə tərəfdar olduğunu bəyan edir. Biz bir daha dünya dini liderlərini, beynəlxalq təşkilatları, parlamentləri və dünya ictimaiyyətini bu uca məqsədlər naminə səfərbər olmağa, xüsusilə də Erməni Apostol Kilsəsini bəşəri dəyərləri, sülh və barışıq ideallarını təbliğ etməyə dəvət edirik.

Qoy Uca Yaradan hamımıza savab əməllərdə və ədalətli olmaqda yardımçı olsun! AMİN!”.

Müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi arximandrit Aleksiy, Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Azərbaycandakı Alban-udi Xristian Dini İcmasının sədri Robert Mobili, Azərbaycandakı Avropa Yəhudiləri İcmasının rəhbəri Aleksandr Şarovski imzalayıblar.