ERMƏNİSTANDA PREZİDENT SEÇKİLƏRİNİN TARİXİ AÇIQLANIB

Ermənistanda prezident seçkilərinin tarixi açıqlanıb.

Ermənistan mətbuatı hakim Vətəndaş Razılaşması Partiyasındakı mənbəyinə istinadla bildirib ki, seçki martın 3-də baş tutacaq.

Məlumata görə, martın 1-də ölkə parlamentinin növbəti sessiyası başlayacaq. İki gün sonra, yəni martın 3-də parlamentdə yeni prezidentin seçilməsi üzrə səsvermə keçiriləcək.

Xatırladaq ki, Ermənistanın sabiq prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verib. Hakim partiya yüksək texnologiyalar sənayesi naziri, İrəvanın keçmiş meri Vaaqn Xaçatryanın namizədliyini irəli sürüb. Müxalifət hələlik prezidentliyə namizəd irəli sürməyib.

Qeyd edək ki, qanuna əsasən Ermənistanın yeni prezidenti dövlət başçısı istefa verdikdən və ya səlahiyyət müddəti başa çatdıqdan 25 gün sonra, lakin 35 gündən gec olmayaraq seçilməlidir. Ermənistan prezidentini parlament seçir. Prezidentliyə namizəd iqtidar və müxalifət tərəfindən irəli sürülür. Prezidentliyə namizəd parlamentdə 1/4 səs çoxluğu ilə təsdiqlənir. Prezident isə deputatların 4-də 3-nün səs çoxluğu ilə seçilir. Seçki birinci dəfə baş tutmadıqda ikinci tur keçirilir. İkinci tura birinci turda ən çox səs toplamış iki namizəd buraxılır. Onlardan da deputatların 50 faizindən çoxunun səsini qazanan prezident seçilir.

Qanunvericiliyə əsasən prezident yaşı 40-dan az olmayan, son 6 ili Ermənistanda yaşayan, başqa dövlət qarşısında öhdəliyi olmayan, erməni dilini sərbəst bilən şəxs seçilə bilər.