Martın 4-də Heydər Əliyev Mərkəzində tanınmış italiyalı dirijor Alvize Kazellatinin rəhbərliyi ilə konsert proqramı təqdim olunacaq. Heydər Əliyev Mərkəzinin Auditorium zalında keçiriləcək gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, solist Emil Bağırov (klarnet) Lüdviq van Bethoven, Volfqanq Amadey Motsart, Pyotr Çaykovski kimi dahi musiqiçilərin əsərlərini ifa edəcək.
Heydər Əliyev Mərkəzindən verilən məlumata görə, Alvize Kazellati dirijor kimi ilk dəfə 2011-ci ildə Venesiyada “Teatro La Fenice” səhnəsində çıxış edib. Musiqiçi son bir neçə ildə bir çox festivallarda iştirak üçün dəvət alıb, İtaliyanın bir sıra məşhur opera teatrları ilə əməkdaşlıq edir.
Alvize Kazellati həmçinin, 2017-ci ildə təsis edilən “Opera İtaliana is in the Air” layihəsinin yaradıcısı və musiqi rəhbəridir. Layihənin əsas məqsədi gənc dinləyiciləri İtaliyanın opera irsinə cəlb etmək, italyan operasının hamı üçün əlçatanlığını təmin etməkdir.
Konsertdə solist kimi çıxış edəcək klarnet ifaçısı Emil Bağırov 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin təqaüdünə, 2017-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülüb. 2012-ci ilin dekabr ayında Təl-Əviv şəhərində keçirilən beynəlxalq musiqi yarışmasında “Ən yaxşı ifaçı” seçilib. 2013-cü ildən Azərbaycan Dövlət Simfonik Orkestrinin artistidir. 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə musiqi sahəsində xüsusi istedadına görə adı gənc istedadların “Qızıl kitabı”na yazılıb və gənc istedadların xüsusi təqaüdünə layiq görülüb.
Martın 4-dəki konsertə biletləri Heyər Əliyev Mərkəzinin kassasından, iTicket.az saytı və kassalarından əldə etmək olar. Zala giriş COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) ilə mümkündür.