BMT Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnaməyə əsasən fevralın 11-i “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü elan edilib. Günün əsas hədəfi 2030-cu ilə qədər dayanıqlı inkişafa nail olmaq üçün sağlamlıq, iqlim dəyişikliyi istiqamətlərində fəaliyyət göstərən istedadlar yetişdirməkdir. Bu isə o deməkdir ki, elmi sahələrdə daha çox qadın çalışmalıdır. Müxtəliflik istedadlı tədqiqatçıların əhatəsini genişləndirir, yeni perspektivlər, istedadlar açır və yaradıcı potensialı üzə çıxarır. Bu günün qeyd olunması qadın və qızların elmi və texnoloji sahələrdə rolunu, həmçinin onların elmin sahələrinin inkişafında iştirakını gücləndirməyin vacibliyini xatırladır.
Birləşmiş Millətlər Təşkilatının (BMT) saytı xəbər verir ki, bu əlamətdar gün 2022-ci ildə “Bərabərlik, müxtəliflik və inklüzivlik: Su bizi birləşdirir” mövzusuna həsr olunub.
BMT-nin Baş katibi Antonio Quterreş “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü ilə bağlı müraciət ünvanlayıb. Müraciətdə qeyd olunur ki, hazırda dünyada elm və texnologiya sahəsində çalışan hər üç tədqiqatçıdan yalnız biri qadındır. Struktur və sosial maneələr qadın və qızların elmlə məşğul olmasına və uğur qazanmasına mane olur. COVID-19 pandemiyası gender bərabərsizliyini daha da gücləndirib, məktəblərin bağlanmasına, zorakılığın və evdə qulluq yükünün artmasına səbəb olub. Bu bərabərsizlik dünyamızı istifadə olunmamış nəhəng istedad və innovativ potensialdan məhrum edir. Qadınların fikrini nəzərə almadan biz elm və texnologiyanı bütün insanlar üçün işlədə bilmərik.
Sinif otaqlarını texnologiya, fizika, mühəndislik, riyaziyyat üzrə təhsil alan qızlarla dolduracaq strategiyalar qəbul edərək, laboratoriyalarda, elmi-tədqiqat institutlarında və universitetlərdə qadınlara inkişaf və liderlik imkanları təmin etmək üçün məqsədyönlü addımlar ataraq, elmdə qadınlara qarşı ayrı-seçkiliyə və stereotiplərə son qoymaq əzmini nümayiş etdirərək tədbirlər görməliyik. Bütün bunlar süni intellekt kimi mühüm bir sahədə xüsusilə aktualdır.
BMT-nin Baş katibi Antonio Quterreş müraciətində vurğulayıb ki, “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günündə hər kəsi qadınların öz həqiqi potensialına çata bildiyi bir mühit yaratmağa çağırır.
Bu gün Azərbaycanda savadlılıq səviyyəsi çox yüksəkdir – 100 faizə yaxındır. Burada qadınlarımızın və qızlarımızın payına düşən rəqəmlər də ürəkaçandır. Qadınlar ölkəmizdə ali təhsil ocaqlarında magistrlərin 54 faizini, fəlsəfə doktorlarının 51 faizini, elmlər doktoru dərəcəsinə malik olanların 46 faizini və elmi tədqiqatçıların 56 faizini təşkil edir. Azərbaycan Milli Elmlər Akademiyasının ümumi kollektivinin 59 faizi qadınlardan ibarətdir.
Dünyada elm, texnologiya, mühəndislik və riyaziyyat fənləri üzrə təhsil alanların 35 faizi qızlardır. Azərbaycanda bu rəqəm 40 faizdir, yəni orta dünya göstəricisindən artıqdır.