AZƏRBAYCAN SANKT-PETERBURQ BEYNƏLXALQ MƏDƏNİYYƏT FORUMUNDA QONAQ ÖLKƏ STATUSUNDA İŞTİRAK EDƏCƏK

Azərbaycan Sankt-Peterburq beynəlxalq mədəniyyət forumunda qonaq ölkə statusunda iştirak edəcək.

Forumun rəhbəri Yeqor Moskvin bunu Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova ilə görüşündə bildirib. Forumda Azərbaycandan başqa Almaniya və Fransa da qonaq ölkə statusunda iştirak edəcək. Yeqor Moskvinin sözlərinə görə, mədəniyyət forumunun dörd əsas istiqamətdə – incəsənət, muzeylər və mədəni irs, kino, həmçinin kreativ sənaye istiqamətlərində təşkil olunması nəzərdə tutulur.

RF mədəniyyət naziri Olqa Lyubimova ölkələr tərəfindən foruma həm rəsmi şəxslərin, həm də intellektual və yaradıcı elitanın göndərilməsinin mühümlüyünü qeyd edib. Nazir deyib: “Postpandemiya reallıqları forumun gündəliyinin əsasını təşkil edə bilər. Bizim qurumlar əldə olunan təcrübə və perspektivlər barədə söhbət aça, əcnəbi həmkarları ilə onların ölkəsində baş verən dəyişiklikləri müzakirə edə bilərlər”.

Sankt-Peterburq beynəlxalq mədəniyyət forumunun cari ilin 10-12 noyabr tarixlərində keçirilməsi planlaşdırılır.