KTMT BAŞ KATİBİ: AZƏRBAYCAN-ERMƏNİSTAN SƏRHƏDİNİN DEMARKASİYASI REGİONDA TƏHLÜKƏSİZLİYİ MÖHKƏMLƏNDİRMƏYƏ KÖMƏK EDƏCƏK

Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyası regionda təhlükəsizliyi əhəmiyyətli dərəcədə möhkəmləndirməyə kömək edəcək.

Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas “Valday” beynəlxalq müzakirə klubu çərçivəsində keçirilən konfrans zamanı deyib.

S.Zas vurğulayıb ki, tənzimləmə ilə bağlı müəyyən ehtiyatlı nikbinlik mövcuddur.

O qeyd edib ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatı imzalamasından və Qarabağa rusiyalı sülhməramlıların yeridilməsindən sonra vəziyyət sabitləşib, qan tökülməsi dayandırılıb.

Baş katibin sözlərinə görə, hazırda tərəflər qarşısında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə ciddi tapşırıq dayanır.

“Bu, ciddi və mürəkkəb işdir, bu proses regionun təhlükəsizliyinin əhəmiyyətli dərəcədə möhkəmlənməsinə kömək edəcək”, – deyə o bildirib.