HƏRBİ QULLUQÇULARIN PSİXOLOJİ SAHƏDƏ MAARİFLƏNDİRİLMƏSİ MƏQSƏDİLƏ TƏDBİRLƏR KEÇİRİLİB

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin psixoloqlarının, Respublika Hərbi Prokurorluğunun və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirakı ilə hərbi hissələrdə tədbirlər keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, plana əsasən, bölmələrdə şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin öyrənilməsinə, hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsində komandir-rəis heyətinə kömək göstərilməsinə dair tövsiyə xarakterli metodiki məşğələ keçirilib.

Tədbirlər çərçivəsində hərbi xidmətə yeni çağırılan gənc əsgərlərlə onların xidmət şəraitinə uyğunlaşması və psixoloji sağlamlığının qorunması məqsədilə kollektiv, qrup və fərdi qaydada psixoloji yardım və dəstək fəaliyyəti həyata keçirilib, söhbətlər aparılıb.

Sonda gənc əsgərləri maraqlandıran suallar cavablandırılıb və onlara hərbi xidmətlə bağlı lazımi tövsiyələr verilib.