ƏRƏB MƏTBUATI: AZƏRBAYCAN AVROPANIN ENERJİ TƏHLÜKƏSİZLİYİNDƏ MÜHÜM ROL OYNAYIR

Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı ərəb mətbuatının diqqət mərkəzində olub.

Küveytin rəsmi xəbər agentliyi KUNA, İordaniyanın “Əl Mamlaka” televiziya kanalı, “Aşarğ”, “Ən Nahar”, “”Əl Eğtesadiye” qəzetlərində toplantı haqqında reportaj və informasiyalar yayılıb. Bu materiallarda Azərbaycanın liderliyi ilə regionda həyata keçirilən nəhəng transmilli enerji layihələri haqqında məlumat verilib, həmçinin ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rolu qeyd olunub.

Ərəb kütləvi informasiya vasitələri diqqətə çatdırıblar ki, toplantıda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Avropa bazarlarına qaz ixracının artırıldığını bildirib. Dövlətimizin başçısı diqqətə çatdırıb ki, keçən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib. Mavi yanacaq Türkiyə, İtaliya, Gürcüstan, Yunanıstan və Bolqarıstana ixrac olunub.

Materiallarda qeyd olunub ki, toplantıda çıxış edən Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson Cənub Qaz Dəhlizinin Avropa İttifaqı və region üçün əhəmiyyətini vurğulayıb və Avropaya nəql olunan qazın həcmini artırdığına görə Azərbaycana təşəkkürünü bildirib.