Misirin “Əxbat Əl Yom” qəzetində Prezident İlham Əliyevin Azərbaycan Gəncləri Forumunun 25 illiyinə həsr olunmuş Gənclər Forumunda çıxışı barədə məqalə dərc edilib.
Məqalədə Azərbaycanın dövlət başçısının gənclərə sorosçuların destruktiv fəaliyyəti ilə bağlı fikirləri təqdim edilib. Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyev gəncləri əyri yola gətirmək, yaxud da yoldan çıxarmağın daha asan olduğunu qeyd edərək, sorosçuların yaratdığı fondların xətti ilə ianələr verildiyini, müxtəlif yaxşı, gözəl məna daşıyan proqramlar altında məhz bu dağıdıcı missiyanın həyata keçirildiyini deyib. Dövlət başçısı əlavə edib ki, bu fəaliyyətlərin əsas məqsədi gəncləri öz dövlətinə qarşı, ilk növbədə, öz əcdadlarına, öz tarixinə qarşı, öz dəyərlərinə qarşı qaldırmaq və sonra onlardan zombi kimi istifadə etməkdir.
Məqalədə qeyd olunub ki, Prezident İlham Əliyev bu məsələnin aktuallığını heç vaxt itirməyəcəyini diqqətə çatdırıb və dünyada bəzi güc mərkəzlərinin güclənməsi, bəzilərinin isə zəifləməsi fonunda onların arasında niyyət nöqteyi-nəzərindən böyük fərq görmədiyini diqqətə çatdırıb. Dövlət başçısı gənclərə müraciət edərək deyib: “Ona görə milli dəyərlər təkcə əcdadlar qarşısında bizim mənəvi borcumuz deyil, eyni zamanda, ölkəmizi daim müstəqil saxlamaq, ölkəmizi daim kənar təsirdən qorumaq və nəsillər arasındakı o mənəvi ipləri qırmamaq üçün bu, mütləq lazımdır”.