İSVEÇİN ƏN BÖYÜK SƏYAHƏT JURNALI OXUCULARINI ƏLİNCƏQALAYA SƏYAHƏTƏ DƏVƏT EDİR

İsveçin dünyaca məşhur səyahət saytı və jurnalı olan “All about Travel”da və ən oxunaqlı milli qəzeti olan “Expressen” nəşrində “Avropanın Maçu Pikçusu olan naməlum qala” adlı səyahət və tanıtım məqaləsi yayımlanıb.

Məqalədə Əlincəqalanın Azərbaycanın Naxçıvan Muxtar Respublikasında, Əlincə dağının üstündə, heyrətamiz relyefi olan ərazidə yerləşdiyi bildirilir.

“Dağa qalxan sıldırım piyada cığırı ilə 1500-dən çox pilləni dırmaşmağa hazırsınızmı, sizi möhtəşəm mənzərə gözləyir: Əlincəqala möhtəşəm qədim və orta əsrlər istehkamıdır. Eldənizlər, Səlcuqlar, Atabəylər və Səfəvilər tərəfindən istifadə edilib. Bir vaxtlar burada onlarla tikili var idi: yaşayış binaları, anbarlar, tövlələr, mətbəxlər, hamamlar, hökmdarın sarayı. Bir neçə il əvvəl qala bərpa olunub. Bütün qala qalın daş divarlarla əhatə olunub və ona yalnız dik bir gəzinti cığırıyla çatmaq olar. Dağlarda əlçatmaz zirvədə yerləşməsi Əlincəqalaya “Azərbaycanın Maçu Pikçusu” adını qazandırıb”, – deyə müəllif Niklas Sessler qeyd edib.

Məqalədə qüdrətli Əmir Teymurun qalanı 14 il işğal edə bilmədiyinə də diqqət çəkilərək, ərazidə həmin tarixi məqamları yaşadan muzeyin də tikildiyi bildirilib.

Əlincədən rəngarəng fotolar da təqdim edən səyahət jurnalı öz izləyicilərini qala ilə bağlı ətraflı məlumatlandırır və onları xüsusən də yaz və payız aylarında Naxçıvana gəzintiyə dəvət edir.