ƏHALİ YENİ TELEKANALLARA BAXMAQ İMKANI ƏLDƏ EDƏCƏK – MTRŞ

“Media haqqında” yeni qanun qəbul edildikdən sonra Azərbaycan əhalisi kabel və İPTV operatorları vasitəsi ilə yeni telekanallara baxmaq imkanı əldə edəcək.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov açıqlamasında bildirib ki, Azərbaycanda fəaliyyət göstərən bəzi internet televiziyaları kabel və İPTV operatorları vasitəsilə yayımlanmaq üçün MTRŞ-ə müraciət edib.

O qeyd edib ki, hazırkı qanunvericilikdə bu məsələ ilə bağlı boşluqlar var. “Çünki o zaman “Televiziya və radio yayımı haqqında” qanun qəbul ediləndə internet televiziyaları yox idi. “Media haqqında” qanunda isə bu məsələ öz əksini tapıb. Qanun qüvvəyə minərsə, internet televiziyaları platforma yayımçısı kimi müəyyən tələblərə əməl etməklə lisenziya alıb kabel və İPTV operatorların paketlərində yayımlana biləcəklər. Yəni, əhali həmin operatorlar vasitəsilə yeni kanallara baxmaq imkanı əldə edəcək.

Əlbəttə ki, həmin yayım operatorları da buna maraqlı olmalıdırlar. İnternet televiziyaların maraqlı kontenti olmalıdır ki, kabel və ya İPTV operator da onları yayımlamaqda maraqlı olsun”, – deyə İ.Səttarov bildirib.