Misirin “Əl Xəbər Əl Hədəf”, “Asia Əl Yom”, “Yeni dünya xəbərləri”, İordaniyanın “Əl Ənbat”, “Cohina”, “Nayrouz” mətbu orqanlarında azərbaycanlı şərqşünas Həşim Məmmədovun Azərbaycanda multikulturalizm ənənələri haqqında məqaləsi dərc edilib.
Məqalədə dünyada mövcud olan hazırkı mürəkkəb şəraitdə – xüsusən İslam coğrafiyasında münaqişələrin, müxtəlif təriqətçilik və ekstremizm meyillərinin gücləndiyi bir vaxtda Azərbaycanın dinlər və mədəniyyətlərarası dialoq mərkəzi olduğu diqqətə çatdırılıb. Müəllif qeyd edib ki, multikulturalizm Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və onun mənbəyi xalqımızın xoş niyyəti, tarixi ənənələri, başqa xalqlara və etiqadlara hörmətidir. Belə ki, Azərbaycanın paytaxtı Bakıda, Gəncə, Quba, Şamaxı və digər şəhərlərində xristian kilsələri, sinaqoqlar fəaliyyət göstərir.
Yazıda vurğulanıb ki, Azərbaycanda multikulturalizmin ən mühüm cəhətlərindən biri də vətəndaş cəmiyyətinin digər mədəniyyətlərin və dinlərin nümayəndələrinə tolerant mövqeyidir. Əhalisinin 93 faizindən çoxu müsəlman olan ölkəmizdə yəhudi və xristian icmaları cəmiyyətin həyatında fəal iştirak edirlər. Bu münasibət isə tarixdən gəlir. Belə ki, Azərbaycan sadəcə müasir dövrdə deyil, tarix boyu zülmə, repressiyaya məruz qalan xalqların sığınacağı məkan olub.