İŞĞALDAN AZAD EDİLƏN ƏRAZİLƏRDƏKİ QORUQ VƏ YASAQLİQLAR BƏRPA EDİLƏCƏK

İşğaldan azad edilən ərazilərdəki qoruq və yasaqlıqlar yenidən bərpa ediləcək.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib.

Ölkədə Milli Parkların yaradılmasına 2003-cü ildən başlanıldığını xatırladan A.Səmədova qeyd edib ki, işğaldan azad edilən ərazilərdə 43 min hektara yaxın xüsusi mühafizə olunan təbiət ərazisi var. Bu ərazilərdə 2 Dövlət Təbiət Qoruğu, 4 Dövlət Təbiət Yasaqlığı olub:

“Bu qoruq və yasaqlıqların yenidən bərpası nəzərdə tutulub. İşğaldan azad edilən rayonlarda xüsusi mühafizə olunan ərazilərin mövcud vəziyyəti ilə bağlı qiymətləndirmə işlərinə başlanılıb”.

A.Səmədova bildirib ki, ölkədə hazırda 10 Dövlət Təbiət Qoruğu, 24 Dövlət Təbiət Yasaqlığı, 10 Milli Park fəaliyyət göstərir. Xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini təşkil edir.

Xidmət rəsmisi əlavə edib ki, 2018-ci ildən Hirkan meşələrinin UNESCO-nun təbii irs siyahısına daxil edilməsi istiqamətində işlərə başlanılıb. 2020-ci ildə bununla bağlı artıq nominasiya sənədi hazırlanıb.

Qeyd edək ki, 11 yanvar – dünya qoruqlar və milli parklar günüdür. Bu tarixin xüsusi mühafizə olunan təbiət ərazilərinə həsr edilməsi təsadüfi deyil. 1917-ci il yanvarın 11-də dünyada ilk dəfə Rusiyada nadir heyvanların qorunması məqsədilə Baykal gölü üzərində Barquzin Dövlət Qoruğu yaradılıb. Həmin təqvim Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə 1997-ci ildən etibarən qeyd olunur.

Azərbaycanda da ölkənin nadir təbiətinin qorunması məsələlərinə böyük diqqət yetirilir.