MÜDDƏTDƏN ARTİQ HƏQİQİ HƏRBİ XİDMƏT KEÇMƏK ISTƏYƏNLƏRİN NƏZƏRİNƏ

Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər yanvarın 11-dən 30-dək müvafiq sənədlərlə birliklərin, qoşun növlərinin və hərbi hissələrin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.

“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə Müdafiə Nazirliyinin tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyalarının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilirlər.

Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə 3 (üç) il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.
Namizədlər qəbul komissiyalarına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidirlər:

– kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);
– şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə, çap variantı 2 nüsxədə;
– xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;
– təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti – 1 nüsxədə;
– doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surəti – 1 nüsxədə;
– şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti – 1 nüsxədə;
– nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda) – 1 nüsxədə;
– uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda) – 1 nüsxədə;
– evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış – 1 nüsxədə;
– 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3×4 sm və 2 ədəd 4,5×6 sm ölçüdə);
– qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji və son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi barədə) arayış;
– hərbi biletin bütün vərəqlərinin surəti (notarial qaydada təsdiq olunmuş) – 1 nüsxədə;

Müraciət etmə yeri: Birliklərin, qoşun növlərinin və hərbi hissələrin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyaları.
Müraciət etmə vaxtı: 2021-ci il yanvarın 11-dən 30-dək, hər gün (bazar günləri istisna olmaqla) saat 09.00-dan 18.00-dək.

Qeyd: Müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.