TÜRKİYƏ MEDİASI PREZİDENT İLHAM ƏLİYEVƏ HƏSR EDİLƏN MATERİALLAR YAYMAQDA DAVAM EDİR

Türkiyənin aparıcı kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti İlham Əliyevə həsr edilən materiallar yaymaqda davam edir. Son materiallarda nüfuzlu televiziya kanalları, qəzetlər və xəbər portalları 60 yaşı tamam olunan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin zəngin mənalı həyat yoluna yeni bir nəzər salıb.
Anadolu, İHA, DHA xəbər agentlikləri, “TRT Haber”, “TRT Avaz”, “Haber Global” telekanalları, “Sabah”, “Milliyet”, Yeni şafak” qəzetləri və sair media quruluşları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edərək yubileyini təbrik etməsi barədə məlumatı yayıb və şərh ediblər.
Anadolu Agentliyi Azərbaycan Televiziyasının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar hazırladığı sənədli filmdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə bağlı videomaterialı tam mətində yayıb. Həmin vedeomaterial “A Haber” daxil olmaqla digər nüfuzlu telekanalların efirində də nümayiş olunub.
“TRT Avaz”ın ekranında yayımlanan “Avrasiya gündəmi” proqramında Azərbaycan Prezidenti İlham Əliyev haqqında süjet təqdim edilib. Süjetdə Azərbaycan Prezidentinin mənalı ömür yolu və zəngin siyasi fəaliyyəti haqqında ətraflı məlumat verilib.
Qeyd edilib ki, bu günkü qüdrətli Azərbaycanın inkişaf yolunun təməlləri ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Prezident İlham Əliyev bu yolu layiqincə davam etdirərək ölkəsinin inkişafını təmin edib. Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Zəfəri isə Prezident İlham Əliyevin dövlət, ölkə və xalq qarşısındakı xidmətlərini taclandırıb.
“Haber Global” telekanalının hazırladığı “Müzəffər Ali Baş Komandan 60 yaşında; İlham Əliyev Qarabağ zəfərinə gedən yolu ilmə-ilmə toxudu” sərlövhəli filmdə də Azərbaycan Prezidentinin mənalı ömür yolu və çoxşaxəli fəaliyyəti haqqında geniş məlumat verilir.
Filmdə Prezident İlham Əliyevin torpaqlarımızın erməni işğalından azad edilməsindəki misilsiz xidmətləri xüsusi ilə vurğulanır. Diqqətə çatdırılır ki, Qarabağ Zəfəri güclü Ordu quruculuğunun, beynəlxalq aləmdəki mövqelərin möhkəmləndirilməsinin, siyasi və diplomatik sferadakı fəaliyyətin, eləcə də Azərbaycan xalqının inamının qazanılmasının təntənəsidir.
Türkiyənin nüfuzlu “Sabah” qəzetində isə “Türk dünyasının İlhamı!” sərlövhəli məqalə dərc edilib. Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri professor Aygün Attarın məqaləsində qeyd edilir ki, qəlbi Azərbaycanla döyünən Müzəffər Ali Baş Komandan Qarabağ Zəfəri ilə tarix yazıb.