RƏŞAD NƏBİYEV: QARABAĞ ƏRAZİSİNİN 52 FAİZİ MOBİL İNTERNETLƏ TƏMİN OLUNUB

Qarabağ ərazisinin 52 faizi mobil internetlə təmin olunub.

Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” adlı elmi-praktiki konfransda çıxışı zamanı deyib.

“Azad edilmiş ərazilərdə infrastrukturun bərpası regionda İKT və logistikanın inkişafının əsasını təşkil edir. Azərbaycanın bütün ərazilərində olduğu kimi, Qarabağda da rəqəmsal transformasiya üçün insan kapitalının gücləndirilməsi üzrə işlər aparılır. Qarabağ ərazisinin 52 faizi mobil internetlə təmin olunub. Biz daha yaxşı nəticələrin əldə olunması üçün investisiyaları artırmağı planlaşdırırıq”, – deyə o bildirib.

Nazir əlavə edib ki, Zəngəzur dəhlizi təkcə nəqliyyat sahəsində deyil, həm də digər sferalarda yeni imkanlar yaradacaq.