Azərbaycan Televiziyası Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar sənədli film hazırlayıb.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, “Prezident. Təkrarsız diplomatiya” adlanan filmdə prezidentlər, dövlət və hökumət başçıları, dünyanın aparıcı siyasi xadimləri, beynəlxalq təşkilatların rəhbərləri və nüfuzlu jurnalistlərin müsahibələri yer alır. Onlar Azərbaycan Prezidentinin şəxsi keyfiyyətləri, prinsipial mövqeyi və qlobal liderliyini şərtləndirən xarakterik məqamları şərh ediblər.
Filmdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev, Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Prezident İlham Əliyevin Azərbaycan üçün gördüyü işlər barədə danışıblar.
Türkiyə Prezidenti qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bölgədə cazibə mərkəzinə çevrilib.
Rusiya Prezidenti isə bildirib ki, Azərbaycan Prezidentinin əsas məqsədi ölkəsini, xalqını xoşbəxt görməkdir.
Nursultan Nazarbayev Azərbaycan xalqının müstəqillik illərində çətin şərtlər daxilində enerjili, müdrik liderin rəhbərliyi ilə inkişaf etdiyini diqqətə çatdırıb.
“Prezident. Təkrarsız diplomatiya” filmində Azərbaycanın iqtisadi arenadakı uğurlarından danışılıb, həyata keçirilən əhəmiyyətli layihələrdən bəhs edilib. Qeyd olunub ki, iqtisadi müstəqilliyin verdiyi güc siyasi müstəqilliyi möhkəmləndirib və ölkənin bir nömrəli probleminin – Ermənistan-Azərbaycan münaqişəsinin həllini yaxınlaşdırıb.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsindəki Qələbəsinə filmdə xüsusi yer ayrılıb.
Vladimir Putin bununla bağlı müsahibəsində bildirib ki, Prezident İlham Əliyevin müdrikliyi hərbi əməliyyatların dayandırılmasına öz töhfəsini verib.
Filmin ideya müəllifi Rövşən Raqifoğlu, ssenari müəllifi Rüfət Həmzəyevdir. Montajı isə Qafar Məhərrəmova məxsusdur.
Film dekabrın 24-də saat 12:00-da, 16:00-da və 22:00-da AzTV-də yayımlanacaq.