AZƏRBAYCAN KARYERA İNKİŞAF FORUMU İŞƏ BAŞLAYIB

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Karyera İnkişaf Forumu keçirilir.

Forumda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, digər qurumların rəhbər şəxsləri, millət vəkilləri, dövlət və özəl qurumların, ali təhsil müəssisələrinin nümayəndələri, karyera mərkəzlərinin təmsilçiləri, yerli və xarici spikerlər, tələbələr iştirak edirlər.

“Gələcəyə hazır ol!” devizi ilə keçirilən forumun məqsədi daim dəyişən əmək bazarı barədə məlumatlılığı artırmaq, iştirakçıları gələcəyin peşə və bacarıqları ilə tanış etmək, əmək bazarının tələblərinə cavab verən peşəkar kadrların yetişdirilməsi üçün atılmalı addımları müzakirə etməkdir.

S.Babayev çıxış edərək ölkədə hər il əmək bazarına təxminən 100 mindən çox gəncin daxil olmasının əmək qabiliyyətli əhalinin, o cümlədən gənclərin layiqli məşğulluğunun təmin olunması kimi qarşıya mühüm vəzifə qoyduğunu qeyd edib. Bildirib ki, əmək bazarına ilk dəfə daxil olan şəxslər bir çox hallarda öz peşə və ixtisaslarına uyğun iş tapmaqda çətinliklərlə rastlaşırlar. Digər tərəfdən ixtisaslı işçi qüvvəsinin iqtisadi fəal əhalidə xüsusi çəkisi 35 faizdən çox deyil.

Nazir Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq əmək bazarının inkişafı, aktiv məşğulluq proqramlarının genişləndirilməsi üçün atılan addımları diqqətə çatdırıb.

O, son 4 ildə əmək müqavilələrinin sayının 30 faiz artaraq 1 milyon 685 minə çatdığını, əməkhaqqı fondunun 92 faiz artdığını qeyd edib. Dövlət məşğulluq xidmətləri vasitəsilə 230 min nəfərin işlə, 122 min şəxsin ödənişli ictimai işlərlə, 36 min şəxsin özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edildiyini deyib. Yeddi min nəfərin peşə hazırlığına, 292 min şəxsin peşəyönümü məsləhət xidmətlərinə cəlb edildiyini, 8485 şəxsə işsizlikdən sığorta təyin olunduğunu və həmin ödənişlərdə də 30 faiz artım olduğunu bildirib.

Forumda Türkiyənin Çağ Universitetinin Fərdi inkişaf və strateji idarəçilik eksperti Murat Koç və İsraildən beynəlxalq spiker Tal Catran, eləcə də digər xarici və yerli spikerlər tərəfindən “Karyera məsləhət xidmətinə niyə investisiya edilməlidir?” “Postpandemiyada dəyişən trendlər: Çətinlikləri fürsətlərə necə çevirməli?”, “Əmək bazarı və gələcəyin bacarıqları”, “Böyük şirkətlərə aparan karyera yolu/İnnovasiya və startapların karyeramıza təsiri”, “Uğura aparan karyera yolu. Dövlətin yaratdığı imkanlar” və s. mövzularda tematik “vorkşop”lar keçirilir. Yekunda spikerlərlə iştirakçıların birgə əməkdaşlığı nəticəsində gələcəkyönümlü təklif, ideya və həllərin toplusunun hazırlanması nəzərdə tutulub.