TELEFON RABİTƏSİNİN 140 İLLİYİ MÜNASİBƏTİLƏ POÇT MARKASI BURAXILIB

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC tərəfindən Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illik yubileyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb.

Nazirlikdən verilən məlumata görə, buraxılış 8 markadan ibarət kiçik vərəq şəklində hazırlanıb. Müəllifi rəssam Vüqar Əyyubov olan poçt markası 10 min tirajla Belarus Respublikasının Bobruysk şəhərində çap olunub.

Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanaraq nəşr edilib.

Qeyd edək ki, bu gün Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır və ölkəmizdə telefon rabitəsinin yaradılmasının 140 illik yubileyidir.