Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin gələcək taleyinə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə müqaviləsi başa çatdıqdan sonra aydınlıq gələcək.
Bunu AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla deyib.
Onun sözlərinə görə, 65 yaşlı italiyalı mütəxəssisin hesabatı AFFA İcraiyyə Komitəsinə (İK) təqdim olunacaq.
“Canni De Byazinin müqaviləsi sabah başa çatır. Növbəti baş məşqçinin müəyyənləşdirilməsi ilə bağlı AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək. Həmin iclasda qərar veriləcək ki, hazırkı baş məşqçi ilə müqavilənin müddəti uzadılsın, yoxsa yeni baş məşqçi təyin olunsun”, – deyə qurum rəsmisi bildirib.
F.Abdulla əlavə edib ki, AFFA İcraiyyə Komitəsinin iclası dekabr ayında olacaq.
Qeyd edək ki, Canni De Byazi 2020-ci ilin iyulunda Azərbaycan milli komandasının baş məşqçisi təyin edilib.