AZƏRBAYCAN XİN RUSİYAYA BAŞSAĞLIĞI VERİB

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Kemerovo vilayətindəki “Listvyajnaya” mədənində baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı və xəsarət alanlarla əlaqədar Rusiyanın Xarici İşlər Nazirliyinə başsağlığı verib.

Bu barədə Azərbaycan XİN-in “Twitter” səhifəsində paylaşımda bildirilib.

“Rusiya xalqına, “Listvyajnaya” mədənində baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və bütün yaralıların tezliklə sağalmasını arzu edirik”- paylaşımda qeyd edilib.

Xatırladaq ki, Rusiyanın Kemerovo vilayətinin Belovo şəhərindəki kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 52-yə çatıb.