Xarici işlər naziri Ceyhun Bayramov və Filippinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Maria Elena Alqabre arasında görüş baş tutub.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfiri salamlayan nazir Ceyhun Bayramov ona gələcək fəaliyyətində uğurlar arzu edib. Nazir Azərbaycan və Filippin arasında mövcud olan siyasi münasibətləri yüksək qiymətləndirib. O, iki ölkə arasında iqtisadi, ticarət, turizm, insanlar arasında əlaqələr və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Maria Elena Alqabre, öz növbəsində qəbula görə nazir Ceyhun Bayramova təşəkkürünü bildirib. Səfir ölkələr arasında mövcud olan ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində münasibətləri yüksək qiymətləndirərək, bir çox sahələrdə əməkdaşlıq münasibətlərinin genişləndirilməsinin vacib olduğunu qeyd edib.
Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq və qarşılıqlı dəstək, Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi və bu dövrdə irəli sürülən təşəbbüslərin uğurla həyata keçirilməsi, həmçinin Hərəkatın sədri kimi Azərbaycanın mövqeyinin həmişə üzv ölkələrin maraqlarının qorunması və əlaqələrin möhkəmləndirilməsindən ibarət olduğu vurğulanıb.
Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.