Bu gün Azərbaycan rejissorluq məktəbinin istedadlı nümayəndələri sırasında özünəməxsus yer tutan və bu sahənin inkişafında mühüm rol oynayan Xalq artisti Rasim Ocaqovun doğum günüdür. Rejissorluğu ilə kino sənətimizə yeni nəfəs, rəng və çalar gətirən Rasim Ocaqov gərgin axtarışları və istedadı sayəsində milli kino tariximizin müxtəlif dövrlərini əhatə edən bənzərsiz sənət nümunələri yaradıb. İstər sovet dövründə, istərsə də Azərbaycanın müstəqilliyinin bərpasından sonra çəkdiyi filmlər Rasim Ocaqovun mənalı ömür yoluna işıq saçır.
Bu gün görkəmli kinorejissor, Dövlət mükafatı laureatı, Xalq artisti Rasim Ocaqovun anadan olmasının 88-ci ildönümü tamam olur.
Rasim Ocaqov 1933-cü il noyabrın 22-də Şəkidə anadan olub. Həvəskar fotolar çəkən, gələcəkdə geoloq olmaq istəyən Rasim Ocaqovun kinoya gəlişi təsadüfən alınıb. Bir dəfə Şəkiyə sənədli film çəkən qrup gəlir. Bu vaxt fotoqrafiya ilə ciddi məşğul olan Rasim peşəkarların işləri ilə tanışlıq imkanı əldə edir. Möcüzəli kino aləmi onu özünə elə cəlb edir ki, gənc fotoqraf bu sənəti dərindən öyrənməyi qərara alır. Orta məktəbi bitirdikdən sonra Moskvaya gedərək orada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsinə daxil olub. O, 1956-cı ildə təhsilini başa vurub, 1961-1967-ci illərdə isə Azərbaycan Dövlət Teatr İnstitutunda rejissorluq fakültəsində təhsil alıb.
Dünya kinematoqrafiyasının ənənələrindən ustalıqla faydalanmış sənətkar kimi Rasim Ocaqovun yaradıcılıq yolu milli kino mədəniyyəti tarixində ayrıca bir mərhələdir. Ölkəmizdə kinooperator sənətinin zəngin imkanlarının üzə çıxarılması və təkmilləşdirilməsində onun əməyi təqdirəlayiqdir. Operator işi və sənətkarlıq cəhətdən maraqlı kinofilmlərin çəkilişində novator üsul və metodlardan bacarıqla istifadə edən Rasim Ocaqov mədəniyyətimizin incilərindən sayılan bir çox kino və televiziya filmlərinin ustalıqla yaradılmasına nail olub.
Əmək fəaliyyətinə 1956-cı ildə “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-operator kimi başlayan Rasim Ocaqov burada müxtəlif vəzifələrdə çalışıb. İlk dəfə operator kimi “Bir məhəlləli iki oğlan” filmini lentə alıb. Sumqayıt metallurqlarının həyatından bəhs edən “Onun böyük ürəyi” filmi R.Ocaqovun ilk sərbəst işi olub. Bu ağır peşə adamlarının ekran həyatı operatorun kamerası ilə romantik və cəzbedici bir formaya salınıb. Bundan sonra lentə aldığı “Əsl dost”, “Bizim küçə”, “Mən rəqs edəcəyəm”, “Sən niyə susursan?” və “Skripkanın sərgüzəşti” filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaradıb.