Noyabrın 19-da Təhsil Nazirliyi, Heydər Əliyev Fondu və Qarabağ Dirçəliş Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Zəfər yolu” inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Tədbirdə Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının şagirdlərinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov diqqətə çatdırıb ki, Zəfərimiz tariximizin ən yaddaqalan səhifəsi kimi əsrlərboyu yaşayacaq. Bu Qələbə gələcək nəsillərə kitablar, filmlər vasitəsilə çatdırılacaq. Bugünkü nəslin xoşbəxtliyi ondadır ki, Zəfərin qazanılmasının birbaşa iştirakçısı, şahidləri oldular. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz 30 ilə yaxın müddətdə erməni işğalında olan torpaqlarımızı azad etdi. Bu Qələbə bizim qurur mənbəyimizdir, tariximizin parlaq səhifəsidir. Torpaqlarımızın işğal olunmasını indiki məktəblilər öz gözləri ilə görməyiblər. Həmin ağrılı-acılı illər, ermənilərin törətdikləri vəhşiliklər haqqında valideynlərindən, kitablardan biliklər əldə ediblər. 30 ilə yaxın davam edən işğal dövründə Azərbaycan dövləti, xalqı münaqişəni qan tökmədən həll etməyə çalışdı. Münaqişənin həllini öz üzərinə götürən beynəlxalq təşkilatların fəaliyyətsizliyindən yorulan Azərbaycan torpaqlarını hərb yolu ilə işğaldan azad etdi. İndi hər bir Azərbaycan vətəndaşı qalib xalqın qalib vətəndaşı kimi bu Zəfərlə fəxr edir. Baş nazirin müavini Əli Əhmədov məktəblilər arasında keçirilən “Zəfər yolu” müsabiqəsini yüksək qiymətləndirib. Təhsil sahəsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, bugünkü gənc nəsildən əsas gözləntilər daha dərin, müasir bilik və bacarıqlara yiyələnmələri, mükəmməl vərdişlərə sahib olmaları, bununla da Azərbaycanın inkişafı üçün töhfə verə biləcək, layiqli bir vətəndaş kimi yetişmələrindən ibarətdir.
Təhsil naziri Emin Əmrullayev bildirib ki, Prezident İlham Əliyevin uğurlu siyasəti və müzəffər Ordumuzun şücaəti nəticəsində möhtəşəm Zəfərin qazanılması ilə Azərbaycan təhsilində yeni bir səhifə açıldı və bu səhifənin mahiyyəti təhsilin istiqamətini dəyişdi.
Emin Əmrullayev qeyd edib ki, təhsil sisteminin əsas məqsədlərindən biri şagirdlərdə təkcə bilik və bacarıqları deyil, həm də hər kəs üçün müqəddəs olan vahid dəyərləri formalaşdırmaqdır. Bu il tədris sisteminin məzmun və mahiyyətinin Zəfərə həsr olunduğunu bir daha diqqətə çatdıran nazir bu istiqamətdə Təhsil Nazirliyi tərəfindən görülən işlərdən danışıb. “Zəfər tarixi” dərsliyindən söz açan Emin Əmrullayev bildirib ki, bu dərsdənkənar məşğələlər Azərbaycanın təhsil məzmununda özünəməxsus yer tutacaq.
Heydər Əliyev Fondunun şöbə müdiri Elvin Aslanov vurğulayıb ki, 2020-ci il Azərbaycan tarixinə Zəfər ili olaraq qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz torpaqlarımızı işğaldan azad etdi. Beləliklə, 30 illik işğala son qoyuldu. 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər həm ölkəmizdə, həm də ölkəmizin hüdudlarından kənarda təntənə ilə qeyd olundu. Zəfər Günü ilə bağlı Heydər Əliyev Fondu tərəfindən də bir sıra tədbirlər həyata keçirildi. İşğal dövründə mənfur düşmənimiz regionun təbiətinə, biomüxtəlifliyinə, bütövlükdə ekosistemə ciddi ziyan vurub, ekoloji terror törədib. Bu səbəbdən Zəfər Gününə həsr olunan silsilə tədbirlər çərçivəsində “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri Topxana meşəsində ağacəkmə aksiyası keçirdilər. Aksiya zamanı 3 hektar ərazidə yüzlərlə ağac əkildi, palıd toxumu səpildi. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən 44 min ağac əkilməsi aksiyası çərçivəsində işğaldan azad olunmuş ərazilərdə ağaclar əkildi. “Regional İnkişaf” İctimai Birliyi Təhsil Nazirliyi ilə birgə 3 minə yaxın könüllü gəncin iştirakı ilə fləşmob keçirdi. Heydər Əliyev Fondu həm də məktəblilər arasında keçirilən “Zəfər yolu” inşa müsabiqəsinin təşkilatçılarından biri oldu. O qeyd edib ki, Zəfərimizin gələcək nəsillərə çatdırılmasında, şagirdlərimizin vətənpərvərlik ruhunda böyüməsində inşa müsabiqəsinin böyük əhəmiyyəti var.
“Zəfər yolu” inşa müsabiqəsinin qaliblərindən biri, II Qarabağ müharibəsinin iştirakçısı şəhid mayor Sübhi Mürsəliyevin qızı, İsmayıllı şəhəri 5 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Aişə Mürsəliyeva müsabiqə ilə bağlı təəssüratlarını bölüşüb.
Cəlilabad rayonu, Sabirabad kənd 2 nömrəli tam orta məktəbin tarix müəllimi Elçin Ələkbərov 44 günlük Vətən müharibəsindən, Zəfərə aparan yoldan bəhs edib.
Qeyd edək ki, “Zəfər yolu” inşa müsabiqəsi Azərbaycan Respublikası təhsil nazirinin əmrinə əsasən, ölkənin işğal altında olan ərazilərinin azad edilməsində dövlətimizin əldə etdiyi nailiyyətlərin təbliğinin aparılması, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi qələbəsi barədə şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, Zəfər Gününün ölkənin təhsil müəssisələrində yüksək səviyyədə qeyd olunmasını təmin etmək məqsədilə Heydər Əliyev Fondu və Qarabağ Dirçəliş Fondu ilə tərəfdaşlıqda təşkil edilib. Müsabiqə iki mərhələdən – rayon (şəhər) və ölkə mərhələlərindən ibarət olub. Müsabiqədə ölkəmizin bütün məktəbləri iştirak edib. Rayon (şəhər) mərhələsinə ümumilikdə 3 min 556 şagird qatılıb. Respublika mərhələsinə 106 şagird keçib. İnşa yazıları müvafiq meyarlara əsasən münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmənin nəticələrinə görə 7 nəfər I yer, 8 nəfər II yer, 15 nəfər isə III yer olmaqla ümumilikdə 30 nəfər şagird qalib elan edilib. Qalib şagirdlərə hədiyyələr təqdim olunub.
Tədbir konsert proqramı ilə davam etdirilib.