TÜRKİYƏ BOLQARISTANA NOTA VERİB

Noyabrın 14-də Bolqarıstanın Xalq Məclisinə (parlamentinə) növbədənkənar seçkilər və ölkə prezidenti seçkilərinə Türkiyənin müdaxilə etməsi barədə əsassız iddialar rəsmi Ankaranın kəskin etirazına səbəb olub.

Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilir ki, bununla əlaqədar Bolqarıstanın bu ölkədəki səfiri XİN-ə çağırılıb və nazir müavini Faruk Kaymakcı tərəfindən ona etiraz notası təqdim edilib.

Səfirin diqqətinə çatdırılıb ki, sözügedən seçkilər çərçivəsində Türkiyədə təşkil olunan səsvermə üçün hərtərəfli əməkdaşlıq edildiyi və kömək göstərildiyi halda, bunun daxili işlərə qarışmaq kimi iddia olunması rədd edilir. Türkiyənin Sofiyadakı səfirinin Bolqarıstan XİN-ə çağırılması və bu cür əsassız ittihamların rəsmi dairələrdə gündəmə gətirilməsi yolverilməzdir. Avropa İttifaqı və Avropa Şurasının üzvü olan Bolqarıstanın Türkiyədəki vətəndaşlarının seçkilərdə iştirak hüquqlarından istifadə etməsinə belə reaksiya göstərilməsini qəbul etmirik.

Vurğulanıb ki, bolqar səfirə Türkiyənin və bu ölkədə keçirilən səsvermənin Bolqarıstanın daxili siyasətində sui-istifadə edilməməsi açıqlamasının gözlənildiyi bildirilib və bu məsələləri ehtiva edən nota təqdim olunub. Bundan başqa, Türkiyənin Bolqarıstandakı səfirliyi qarşısında qeyri-qanuni aksiyasının və hərəkətlərin təşkilinə etiraz ifadə olunub.